Dünya ölkələrində koronavirusa yoluxanların sayı artmaqda davam edir.

  • Space TV
  • 19 İyun 2020 15:17

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma ilə ABŞ birinciliyini qoruyur. Burada 2 milyon 234 mindən çox yoluxma, 120 minə yaxın ölüm halı qeydə alınıb.

Braziliyada son 24 saat ərzində COVID-19 infeksiyasına rekord sayda  34 918 yeni yoluxma halı aşkarlanıb. Bu, ölkədə koronavirusa rekord sutkalıq yoluxmadır. ötən sutka ərzində Braziliyada daha 1 282 nəfər COVID-19 xəstəliyindən həyatını itirib.Bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 923 189 nəfərə çatıb, pandemiya 45 224 xəstənin ölümünə səbəb olub. Müalicə alan 441 729 pasiyent sağalıb. 

Rusiyada son bir gündə daha 7 843 nəfərə COVID-19 diaqnozu qoyulub.Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 553 301 nəfərə çatıb.Ölkədə virusdan ölənlərin sayı isə daha 194 nəfər artaraq 7 478-ə yüksəlib.Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 065 nəfər.

Rusiyada təxminən 500 tibb işçisi koronavirusa görə həyatını itirib.RT bununla bağlı ölkənin Səhiyyə Nəzarəti Federal Xidmətinin başçısı Alla Samoylovanın açıqlamasına istinadla xəbər yayıb.Onun sözlərinə görə, epidemiya hələ bitməyib:“Təəssüf ki, Rusiyada real olaraq yarım milyon insan koronavirusa yoluxub. 7,5 min insan ölüb, onların 489 nəfəri tibb işçisidir. Çox təəssüf ki, təxminən 500 həmkarımızı itirmişik”.

Çinin paytaxtı Pekinin iki beynəlxalq aeroportunda koronavirusa görə, reyslər təxirə salınıb. “Şoudu” və “Dasin” aeroportlarında 1255 uçuş ləğv edilib.Bundan əvvəl hava limanlarında rəsmilərin təcili yardım tədbirlərini artırmağa başladıqları bildirilib. Çinin paytaxtı Pekin ölkənin digər ərazilərindən sərnişin daşınmasını dayandırıb.Bu, paytaxt bazarlarının birində koronavirus infeksiyasının aşkar edilməsi ilə əlaqədardır.

Ukraynada ötən sutkada  829 nəfərə koronavirus diaqnozu qoyulub. Bu, ölkədə günlük qeydə alınan yoluxma sayına görə rekord göstəricidir.  Məlumata görə, eyni dövr ərzində Şərqi Avropa ölkəsində 23 nəfər pandemiyanın qurbanı olub.Beləliklə, Ukraynada indiyədək 34 063 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 966 nəfər ölüb, 14 943 nəfər sağalıb.

Pakistanda fevral ayından bu yana COVID-19 virusuna 155 mindən çox yoluxan və mindən artıq ölən var.bu barədə Pakistan Milli Səhiyyə İnstitutunun İctimai səhiyyə departamentinin rəhbəri Məhəmməd Salman Şanhay bildirib.“Təhlükə qalsa da, pandemiyanın sürətini azaltmağı, o cümlədən səhiyyə infrastrukturumuzun imkanlarını artırmağı bacardığımızı düşünürəm”, – deyən M.S.Şanhay ölkədə hazırda 30-dan artıq laboratoriyada koronavirus testlərinin aparıldığını diqqətə çatdırıb.

Qazaxıstanda da koronavirus qurbanlarının sayı artıb. Ötən gündən Qazaxıstanda COVID-19 virusundan 3 nəfər ölüb və bununla da dünyasını dəyişənlərin sayı 100-ə çatıb. COVID-19-un yayılmamasına dair idarələrarası hökumət komissiyasının məlumatına görə, eyni müddət ərzində yoluxanların sayı 335 nəfər artaraq 15 877 nəfərə çatıb. 

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun