Dünya Bankı Azərbaycanla bağlı səhvini düzəltdi – FOTO

  • Space TV
  • 17 Dekabr 2020 11:07

Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Spacetv.az-a verilən məlumata əsasən, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business” Hesabatında qeydə alınan məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılan müstəqil araşdırmanın nəticələri elan edilib.

Aparılan müstəqil araşdırmanın nəticəsində Azərbaycanın “Doing Business” 2020 hesabatında mövqeyi 6 pillə yaxşılaşdırıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.

Bildirilib ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanan press-relizdə bir sıra üzv ölkələrin “Doing Business” hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanıb, bunun mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilib. 

Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press-relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılıb, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilib və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənib.

Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılan islahatların “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi məlum olub.

Müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni – Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.

Düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib.

Azərbaycanın “Doing Business” Hesabatındakı reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda məlumat:

Beləliklə, Dünya Bankı tərəfindən aparılan yeni qiymətləndirmə ölkədə “sərhəddə ticarət” prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi üzrə mühüm islahatların aparılmasını bir daha təsdiq edib.

Paylaş

 Xəbəriniz olsun