Dünya azərbaycanlıları “Bir olaq, Qarabağa dəstək olaq!” deyir

  • Space TV
  • 9 Noyabr 2020 14:48

Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Bayrağı Günü ilə əlaqədar dünya azərbaycanlılarının iştirakı ilə “Bir olaq, Qarabağa dəstək olaq!” adlı virtual görüş təşkil edib. 

Spacetv.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

49 ölkədən 100-dən çox soydaşımızın qatıldığı görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin “Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır” fikrini  diqqətə çatdırıb və soydaşlarımızın hər birini Dövlət Bayrağı günü münasibətilə təbrik edib.

Xaricdə yaşayan soydaşlarımız bildiriblər ki, Vətən torpağının hər qarışında, o cümlədən, düşmən tapdağından azad  olunan ərazilərimizdə əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımız hər bir azərbaycanlının qəlbində qürur və fərəh hissi yaradır. 

Komitəyə gələrək görüşə qatılan Xalq artisti Fəxrəddin Manafov, Türkiyədə yaşayan böyük sənətkarımız Cahangir Novruzov, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və digər qonaqlar dünya azərbaycanlılarının birliyindən fəxarət hissi keçirdiklərini, bir bayraq eşqinə bir bayraq altında toplaşan dünya azərbaycanlılarının hər zaman dövlətimizin yanında olduqlarını, öz zəkası, siyasi iradəsi ilə dünyada Azərbaycanın nüfuzunu qaldıran Ali Baş Komandana və xalqımıza zəfər sevinci yaşadan ordumuza minnətdarlıqlarını bəyan ediblər.

Qarabağ üçün hər zaman bir olduqlarını, birliyimizlə tarix yazdığımızı bildirən soydaşlarımız əllərində üçrəngli bayrağımızı dalğalandıraraq, görüşü bu möhtəşəm mənzərə ilə başa vurublar.

Paylaş

 Xəbəriniz olsun