Dünən Bakıda Qax rayonundan olan iki bacının, Aygün və Aytənin dəm qazından boğularaq ölüb

  • Space TV
  • 16 Aprel 2020 14:11

Bakıda kirayə qaldıqları evdə dəm qazından boğularaq ölən bacılar doğulduqları Qax rayonunda dəfn olunub…

Dəm qazının qurbanı olmuş 28 yaşlı Aygün və 27 yaşlı Aytənin yaxınları hələ də bu hadisənin şokundan ayılmayıblar. Bacıların xalası onların ali təhsilli olduğunu və Bakıda fəaliyyət göstərən firmalardan birində işlədiklərini söyləyir.

Mustafayevlər ailəsi həmin gün daha bir itki ilə də üzləşib. Bacıların ölümündən təqribən 4-5 saat öncə onların nənəsi rayonun Qaşqaçay kəndində dünyasını dəyişib. Ana acısını hələ sinəsinə çəkə bilməyən dayı bir də bacısı qızlarının faciəsi ilə qarşılaşıb.

Qeyd etdiyimiz kimi, hadisədən bir-neçə saat öncə nənə dünyasını dəyişib. Aygün və Aytən isə nənəsi son nəfəsində olan vaxt anası ilə əlaqə saxlayaraq görüntülü danışıblar. Telefon danışığı nənənin dünyasını dəyişməsindən təqribən 2 saat öncə baş tutub.

Aygün və Aytənin Bakı şəhərində yaşayan xalası bildirir ki, hadisə baş verən evdə bacısı qızları ilə özü də bir-neçə ay qalıb. Evdə olan su qızdırıcısının təhlükəli olduğunu xala da təsdiqləyir. Hadisə baş verən gün bacılar ayrı-ayrı otaqlarda yatmış vəziyyətdə olublar. Onlardan başqa evdə daha bir nəfər rəfiqələri də olub. Həmin qız hadisə baş verən günün səhəri evdən çıxaraq işə gedib. Ailə üzvləri səhər saatlarında nənələrinin dünyasını dəyişməsini söyləmək üçün övladlarına zəng vursalar da telefonlara cavab verən olmayıb.

Qeyd edək ki, hadisə aprelin 14-ü səhər saatlarında paytaxtın Xətai rayonunda baş verib. Gəncə prospekti 34 ünvanında yerləşən yaşayış binasında kirayə yaşayan bacılar – Qax rayon sakinləri, 28 yaşlı Aygün və 27 yaşlı Aytən Mustafazadələr dəm qazından zəhərlənərək ölüblər. Onlar 2017-ci ildən həmin evdə rəfiqələri ilə birgə yaşadıqları məlum olub. Faktla bağlı araşdırma aparılır.

İLKİN PİRANOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun