Dövlət başçısı: Ermənistan 30 il qanunsuz olaraq öz nəzarətində saxladığı işğal olunmuş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq

  • Space TV
  • 5 Oktyabr 2020 11:02

Hadisələrin nəzarətdən çıxdığını düşünmürəm, vəziyyət Azərbaycan ordusunun nəzarəti altındadır. Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir.

Spacetv.az xəbər verir ki, Azərbaycan Prezidenti, İlham Əliyev bunu “Əl-Ərəbiyə” telekanalına müsahibəsində aparıcının “Azərbaycan və Ermənistan arasında hadisələrin gedişatı nəzarətdən çıxır, bu hərbi əməliyyatların genişlənməsinin hər hansı bir həddi varmı?” sualını cavablandırarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladıqları işğal olunmuş əraziləri boşaltmağa başlasalar müharibə dayanacaq. Bizə müharibə lazım deyil. Biz 1992-ci ildən bəri danışıqlar prosesində iştirak edirdik. Demək olar ki, bu 30 il ərzində danışıqlar masasında sıfır irəliləyiş olmuşdur. Ermənistan ərazilərimizdən qoşunların tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən Beynəlxalq Millətlər Təşkilatının qətnamələrini icra etmək istəmirdi. Əksinə, onların hərbi-siyasi rəhbərliyi yeni torpaqları işğal etməyə cəhd edirdi. Onlar Azərbaycana qarşı hücuma keçməyə cəhd edirdilər və iyul ayında onlar faktiki olaraq yeni hərbi hücuma keçdilər. Beləliklə, biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idik”.

Paylaş

 Xəbəriniz olsun