DİM-dən xarici dillərdən qəbul imtahanı verəcək namizədlərə MÜRACİƏT

  • Space TV
  • 10 Fevral 2021 11:26

2021-ci il fevralın 14-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, fevralın 15-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur. Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

Qeyd edək ki, doktoranturaya qəbul imtahanında yazılan esselər və fəlsəfə doktoru imtahanında yazılan vizual məlumatın təsviri maksimum 10 balla qiymətləndirilir. İki və daha artıq balla qiymətləndirilən esselər və yazılı təsvirlər məqbul hesab olunur.

Təəssüflə qeyd olunmalıdır ki, doktoranturaya ötənilki qəbul imtahanında və imtahanın modeli əsasında keçirilmiş sınaq imtahanlarında bir çox namizədlər esseni qoyulan tələblər səviyyəsində yerinə yetirməyib, bəziləri esseni tələb olunan 200-250 sözdən az həcmdə yazıb, bəziləri mövzudan kənara çıxıb, bəziləri tələb olunan mövzu əvəzinə başqa mövzu yazıb, bəziləri esseni yazmaqdan imtina edib, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazıblar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməyiblər.

Doğrudur, sınaq imtahanında namizədlərin əldə etdikləri nəticələr qəbul imtahanının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil. Belə imtahanlar bir qayda olaraq qəbul imtahanının modeli əsasında təşkil olunur və imtahan verəcək namizədlərin həm öz biliklərini və hazırlıq səviyyələrini yoxlamalarına, zəif tərəflərinə daha çox diqqət yönəltmələrinə, həm də imtahan texnologiyalarına alışmalarına imkan yaradır.

Daha ətraflı buradan tanış ola bilərsiniz.

Paylaş

 Xəbəriniz olsun