Diabet xəstələrinin sayı artır – VİDEO

  • SpaceTV
  • 16 Noyabr 2019 12:06

Azərbaycanda 255 mindən çox insan şəkərli diabet xəstəsi kimi  qeydiyyatdadır ki, onlardan da 1800 nəfərini uşaqlar və yeniyetmələr təşkil edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi şəkərli diabetin yaranmasına təkan verir. Dünyada 425 milyondan artıq qeydiyyatdan keçmiş  şəkərli diabet xəstəsi var. Həkim Səbuhi Dadaşov  bildirdi ki, acı bir həqiqətdir ki, şəkərli diabet xəstələrinin çoxu şəkərin səviyyəsini nəzarətdə saxlamadan müalicə aparır.

Bu xəstəlikdən əziyyət çəkən insanlar qidalarına xüsusi diqqət yetirməlidirlər. Şəkər miqdarı az olan meyvə-tərəvəzlərdən istifadəyə məhdudiyyət yoxdur. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir.

Şəkərli diabetin ən təhlükəli fəsadlarından biri olandiabetik pəncə sindromu  hazırda geniş yayılıb. Bu, uzun illər düzgün müalicə aparılmaması nəticəsində baş verir. Sinirlərin, böyük və kiçik damarların zədələnməsi fonunda ayaqda funksional dəyişikliklər baş verir. Bu sindrom nəticəsində ayaqda trofik xoralar baş verir ki, bu da kiçik və böyük amputasiyalarla nəticələnə bilir. Həkim bildirdi ki, belə xəstələr ayaqlarını sağlam saxlamağa kömək edən çox da çətin olmayan qaydalara riayət etməlidirlər.

Qeyd edək ki, dövlətin şəkərli diabet xəstələrinə qayğısı 2005-ci ildən tətbiq edilən “Şəkərli Diabet Xəstələrinə Dövlət Qayğısı” proqramı ilə tənzimlənir. Bu proqram üzrə qeydiyyatdan keçmiş bütün xəstələr diabeti yoxlamaq üçün aparatla, dərman preparatlarıyla təmin olunur.14 noyabr bütün dünyada diabet günü kimi qeyd olunur. Ümumdünya Diabet Günü, diabetin qarşısını almaq və bu xəstəlikdən əziyyət çəkən, xüsusilə yoxsul və əlverişsiz şəraiti olan insanların həyat səviyyəsini qaldırmaq məqsədi ilə qeyd olunur. Diabet ən geniş yayılmış qeyri-yoluxucu xəstəliklərdən biridir. Dünyada milyonlarla insan diabetdən əziyyət çəkir ki, onların da 80%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Əhalinin yaşlanması və qeyri-sağlam həyat tərzi xəstələrin hər il bir az daha artmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, diabetlə bağlı ölüm halları 2030-cu ilə qədər üçdə iki dəfə artacaq.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun