“Danışan” liftlər

  • Space TV
  • 9 Sentyabr 2020 15:04

Qafqazda ilk dəfə Azərbaycanda liftlərdə unikal intellektual idarəetmə sistemi yaradılıb. Elə bir sistem yaradılıb ki, həm təhlükəsiz mənzil başına çatırsız, həm də ürəyiniz istəyən musiqini elə liftdə də dinləyə bilərsiz.  Space TV xəbər verir ki, Qafqazda ilk dəfə yaradılan Sumqayıt Lift-Servis Birliyi Sumqayıt mənzil fondundakı liftlərin 24 saat fasiləsiz işləməsini təmin edir. Əgər kimsə lifdə qalarsa, kabinədəki düymə vasitəsilə mərkəzlə əlaqə saxlayır və 1 dəqiqə ərzində qapılar açılır.

Bu sistemin unikallıqlarından biri də liftlərin texniki vəziyyətinə online nəzarət etməyin mümkünlüyüdür. Dispetçer mərkəzi üçün hazırlanan xüsusi proqram üzərindən sistemə qoşulan bütün liftlərdə hər hansı nasazlıq yaranarsa, sistem xəbər verir və dərhal əraziyə mexanik qrupu göndərilir. İntellektual sistem qurulandan sonra liftlərə xidmət göstərmək asanlaşdığından müraciətlərin də sayı azalıb. Tətbiq edilən yenilikdən biri də lift kabinələrində musiqilərin səsləndirilməsidir.

Bir müddət öncə 10-a yaxın blokda müşahidə kameraları da quraşdırılıb. Bu kameralar vasitəsilə liftlərin təhlükəsizliyinə nəzarət edilir. Kameralar həmçinin bloklarda bir sıra neqativ halların da baş verməsinin qarşısını alır. Bu sistem Sumqayıtla yanaşı, Gəncə şəhərində yerləşən bir binada da tətbiq edilib. Hazırda həmin bina da bu mərkəzdən online şəkildə idarə edilir. Birliyin sədri Cümşüd İsmiyev bildirir ki, təklif olarsa, bu unikal sistemi, paytaxt Bakıda, eləcə də bütün respublikada tətbiq etmək üçün imkanlar var.

 Bu sistemin quraşdırılması üçün böyük məbləğdə vəsaitə də ehtiyac yoxdur. Sadəcə istək olarsa, bütün respublika ərazisindəki liftləri “ağıllı sistemə” qoşmaq mümkündür.

Hazırda Sumqayıt şəhərinin Dövlət Mənzil Fondunda 594 ədəd lift var. Onlardan 540 ədədi intellektual sistemə tam inteqrasiya edilib. Digər liftlərə də nəzarət elə bu mərkəzdən həyata keçirilir. Hazırda birliyin qarşılaşdığı əsas çətinlik inzibati binanın olmamasıdır.

Yaxın zamanda Sumqayıt şəhərində təmirə ehtiyacı olan liftlər də əsaslı şəkildə yeniləcək. Bu məqsədlə 4 milyon manat vəsait də ayrılıb.

Qafqazda ilk dəfə yaradılan liftlərin intellektual idarəetmə sistemi digər yerlərdə də tətbiq edilərsə bir çox bədbəxt hadisələrin də qarşısı alınar.

Paylaş

 Xəbəriniz olsun