Daha dörd rayonda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verildi – FOTO

  • Space TV
  • 23 Noyabr 2020 15:03

Ucar, Şəmkir, Saatlı və Lerikdə 25 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib.

Spacetv.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Dörd rayonda 25 fərdi yaşayış evi (o cümlədən Ucarda 10, Şəmkirdə 5, Saatlıda 6, Lerikdə 4 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Ucar rayonunun Bərgüşad kəndində evlərin təqdim edilməsi tədbirində nazirliyin aparat rəhbəri Fuad Musayev və Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyev iştirak ediblər. 

Tədbirdə F.Musayev bildirib ki, ölkəmiz güclü orduya sahib olduğu kimi, həm də güclü sosial siyasətə malikdir. Ölkəmizdə qələbə ovqatının hökm sürdüyü bu günlərdə Prezident İlham Əliyevin yüksək qayğısının nəticəsi olaraq, şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı tədbirləri də davam edir.

2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onların artıq böyük əksəriyyəti təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8404 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib. 

Paylaş

 Xəbəriniz olsun