İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş Bizim Həyət lahiyəsi çərçivəsində yenilənən növbəti məkan Nizami sakinlərinin istifadəsinə verildi. Həyət, Rüstəm Rüstəmov küçəsi 35,37,39 və Qara Qarayev prospekti 63 ünvanlarında dörd binanı əhatə edir.
Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların da rahat hərəkəti nəzərə alınıb. Bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirilmələri məqsədilə ərazidə mini futbol və basketbol meydançaları, şahmat meydançası, müxtəlif yaş qrupları üçün idman qurğuları, uşaqlar üçün oyun meydançası və oturacaqlar quraşdırılıb.
Eyni zamanda, ərazidə velosiped yolu, 8 ədəd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub,bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib və 3000 kv.m ərazidə yaşıllıq zolağı salınıb. Bina sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.
Sözügedən lahiyənin paytaxtın bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.
RƏŞAD VƏKİLOĞLU SPACE TV