Dəfnə ağacı

  • Space TV
  • 20 Noyabr 2019 15:12

Dəfnəyə olan tələbatı nəzərə alan astaralılar bu sahənin əvvəlki şöhrətini qaytarmaq istəyirlər. Həmişəyaşıl dəfnə ağacı Azərbaycanda 1930-cu illərdən yayılmağa başlayıb. Lənkəran və Astara rayonları ərazisində eksperiment məqsədilə becərilib və gözlənildiyindən də yaxşı nəticə verib. Sonralar bu sahə genişləndirilərək 200 hektar ərazini əhatə edib.

 Bioloqun sözlərinə görə, dəfnə plantasiyasının 1 hektarından 3,5 ton məhsul almaq olur. Becərilməsinin maya dəyəri olduqca az olan dəfnə ağacı həm quraqlığa, həm də mənfi 20 dərəcə şaxtaya dözümlüdür. Sovet dövründə dəfnə yarpağından daha çox məişətdə, əsasən də balıqçılıq sənayesində, meyvə-tərəvəz konservlərinin istehsalında geniş istifadə olunub. Hazırda dünyanın əksər ölkələrində dəfnə yarpağı tibbi və kosmetik şirkətlərə yüksək qazanc gətirir.

 Bu bitki bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Dəfnə şəkərin səviyyəsini və arterial təzyiqi aşağı salır. Astaranın Şiyəkəran kəndində yaşayan Elmira Tağıyevanın sözlərinə görə, kəndin əvvəllər əsas qazanc mənbəyi olan dəfnəyə indi təsərrüfatlarda az rast gəlinir. Həyətində bu bitkini əkənlər dəfnədən daha çox ədviyyat kimi istifadə edirlər. Əsasən yüksək kalorili yeməklərə dad verən dəfnə yarpağı həzm prosesini yaxşılaşdırır.

 Dəfnə bitkisi məhz cənub bölgəsində əkilərsə, sürətlə inkişaf edər və yetişdirilməsi də ucuz başa gələr. İldə üç dəfə çay kimi dəfnədən də məhsul götürmək olur. Mütəxəssislər bildirirlər ki, əgər yığım və ixrac məsələsi öz həllini tapsa, qısa müddətdə bu gəlirli sahəni ölkəmizin cənub rayonlarında yenidən dirçəltmək mümkündür. Dünya bazarında bu bitkiyə olan tələbatın əksər hissəsini hazırda Türkiyə ödəyir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun