Çində yayılan təhlükəli virusun mənbəyi aşkar edildi

  • SpaceTV
  • 24 Yanvar 2020 11:03

Çində geniş yayılan, artıq bir çox ölkələrdə də aşkar edilən təhlükəli koronavirusun yaranma səbəbi barədə müxtəlif versiyalar irəli sürülüb.

SPACE TV-in məlumatına görə, daha əvvəl iddia edilib ki, ölümcül virus Çində milli mətbəxin əsas yeməklərindən hesab olunan yarasa şorbası vasitəsilə yayılıb. Alimlərin araşdırması nəticəsində koronavirusun yarasalardan birbaşa insana keçmə ehtimalı tam təsdiqini tapmayıb.

Elm adamları hesab edirlər ki, yüzlərlə insanın yoluxduğu 2019-nCoV – yeni virusun iki növ ilandan insanlara keçməsi daha məntiqlidir. Bu məqsədlə alimlər koronavirusun genetik analizini aparıblar. Ehtimal edilir ki, xəstəliyin mənbəyi Uhan şəhərinin bazarında satılan ilan əti olub. Hazırda bu versiya üzərində araşdırmalar davam edir.

Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı artıb. İndiyə qədər 644 nəfərin təhlükəli virusa yoluxduğu müəyyən edilib, ölənlərin sayı isə 18-ə çatıb.

Paylaş

 Xəbəriniz olsun