Çində 4 hündürmərtəbəli bina söküntü məqsədilə partladılıb

  • SpaceTV
  • 21 Aprel 2020 17:22

Çinin Şanxay şəhərində inşası başa çatmamış 4 hündürmərtəbəli bina söküntü məqsədilə partladılıb.

SPACE TV xəbər verir ki, yerli hökumət Şanxayın Putuo rayonunda 2001-ci ildə inşası başlamış, lakin sonradan maliyyə çatışmazlığı ucbatından və digər səbəblərdən tamamlanmayan binaların sökülərək, ərazidə yeni çoxfunksiyalı zonanın yaradılmasına qərar verib. Hündürlüyü 100 metrdən çox olan binaların hissə-hissə sökməyi səmərəsiz hesab edən mütəxəssislər söküntünün partlayış vasitəsilə həyata keçirilməsinə qərar veriblər. Gecəyarı 4 bina eyni vaxtda partladılaraq bir neçə saniyə ərzində məhv edilib. Ümumi partlayış sahəsi 250 min kvadratmetr olub. Dağıntılar 160 min kvadratmetr sahəyə yayılıb.

Binaların kommersiya zonasının və avtomobil yollarının yaxınlığında yerləşməsi səbəbindən texniki təhlükəsizlik qaydalarına ciddi diqqət yetirilib, əvvəlcədən yaxınlıqdakı ofislərin işçiləri və sakinlər məlumatlandırılıb, yollarda hərəkət dayandırılıb.

Bildirilir ki, söküntü sahəsi də daxil olmaqla həmin ərazidə ofis binaları, əyləncə-istirahət mərkəzləri, mehmanxana və digər obyektlər inşa olunacaq.

Paylaş

 Xəbəriniz olsun