Çin üsulu ilə pambıqçılıq

  • SpaceTV
  • 10 İyul 2020 14:26

Müasir texnologiya əsasında əkilmiş pambıq sahəsində növbəti lokal xarakterli kimyəvi mübarizə tədbiri həyata keçirilib. Dron vasitəsi ilə aparılmış mübarizə sahədə müşahidə olunan mənənə və tor gənəsinin məhv edilməsi məqsədi ilə icra olunub. Mütəxəssislərin iştirakı ilə aparılmış müşahidələr zamanı ziyanvericilərin aktivliyi təsdiq edilib və dron vasitəsi ilə effektiv kimyəvi mübarizə aparılıb. Dronlarla sahənin zərərvericilərdən qorunmasının bir sıra müsbət üstünükləri vardır. Ənənəvi mexaniki metoddan fərqli olaraq bu üsulda bitkilər əzilərək zədələnmir, bütün sahə deyil, yalnız ziyanvericilərin sirayətləndiyi ərazilərə pestisid vurulur ki, bu da  zəhərli dərmanların ətrafa yayılmasının qarşısını alır, ekoloji tarazlığı qoruyur.

Qeyd edək ki, Şirvan Təcrübə Stansiyasının əkin sahəsində 2020-ci ilin məhsulu üçün Çin texnologiyası əsasında 10, türk texnologiyası əsasında isə 8 hektar əkin  aparılıb. Torpaqbecərmə işləri Çin Xalq Respublikasından gətirilmiş diskli maladan istifadə edilərək həyata keçirilib, çiyid səpini müasir  texnologiya ilə hazırlanmış aqreqatla aparılıb. Ötən il çinli mütəxəssislərin iştirakı ilə 10 hektarda çiyid əkilib. Aqrotexniki  becərmələrin dəqiqliklə aparılması nəticəsində  əkin sahəsində orta məhsuldarlıq 65 sentner təşkil edib. Bu il də sahələrdən yüksək məhsuldarlıq gözlənilir.

                                                                             VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun