Çin qanunverici orqanının təxirə salınan illik iclası mayın sonunda keçiriləcək

  • Space TV
  • 29 Aprel 2020 11:53

Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) koronavirus böhranı ilə əlaqədar təxirə salınan illik iclası mayın 22-də başlayacaq.

SPACE TV  xəbər verir ki, Yığıncağın Daimi Komitəsinin aprelin 26-29-da keçirilən iclasında ölkədə il ərzində ən böyük siyasi tədbir olan qanunverici orqanın illik sessiyasının mayın sonunda keçirilməsi barədə qərar qəbul olunub.

Ali məşvərətçi orqan statusuna malik olan Ümumçin Xalq Siyasi Məşvərət Şurasının illik iclası isə mayın 21-də başlayacaq.

Qeyd edək ki, bu il cədvəl üzrə martın əvvəli açılması nəzərdə tutulan Yığıncağın və Şuranın illik iclasları koronavirus epidemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı. Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması qanunverici və məşvərətçi orqanların iclaslarının keçirilməsinə imkan yaradır.

Çində dövlət hakimiyyətinin ali orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının ildə bir dəfə keçirilən sessiyasında ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edilir. Yığıncaq Çin Xalq Respublikasının Sədrini və onun müavinlərini seçir, Dövlət Şurasının (Nazirlər Kabineti) sədrini və Şuranın digər üzvlərini təsdiq edir, Mərkəzi Hərbi Şuranın, Ali Xalq Məhkəməsinin sədrlərini və Ali Xalq Prokurorluğunun baş prokurorunu seçir.

Bir neçə gün davam edən illik sessiyanın gedişində ötən il üçün milli iqtisadi və sosial inkişaf planının nəticələri, büdcənin icrası müzakirə olunur, yeni maliyyə ili üçün plan və büdcə təsdiqlənir. Bundan əlavə, Yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinlənilir, digər ölkə əhəmiyyətli məsələlərə baxılır. Yığıncağın hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.

Xalq Nümayəndələri Yığıncağının sessiyası ilə paralel olaraq Ümumçin Siyasi Məşvərət Şurasının illik iclası da keçirilir.

Paylaş

 Xəbəriniz olsun