Çempionlar Turunda ilk dəfə iki azərbaycanlı qrossmeyster iştirak edəcək – FOTO

  • Space TV
  • 9 Mart 2021 14:22

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi onlayn şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsinin iştirakçılarının adları açıqlanıb.

Spacetv.az xəbər verir ki, “Magnus Carlsen Invitational” adlanan bu mərhələdə Azərbaycanı iki şahmatçı təmsil edəcək. Bunlar əvvəlki üç mərhələdə iştirak etmiş və bir dəfə birinci, bir dəfə isə üçüncü olmuş Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovdur. Dünya reytinqində səkkizinci olan “Şah” Çempionlar Turunda debüt edəcək və o, bu turnirə “vayld kard”la dəvət almış dörd şahmatçıdan biridir .

Bu mərhələdə 16 şahmatçı iştirak edəcək. Bunlardan 14-nün adı artıq məlumdur.

Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və təşkilatçı Maqnus Karlsendən başqa, Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov (hər üçü Rusiya), Aniş Qiri, Yorden van Foreest (hər ikisi Niderland), son mərhələnin qalibi Vesli So, Nikaru Nakamura (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), David Anton (İspaniya), Levon Aronyan (Ermənistan) və Əlirza Firuzcanın (FIDE) iştirakı dəqiqləşib.

Digər iştirakçı iki şahmatçı isə Nils Qrandelius (İsveç) – Maks Varmerdam (Niderland), Aryan Tari (Norveç) – Alan Piçot (Argentina) cütlərinin qalibləri olacaq.

Qeyd edək ki, martın 13-də start götürəcək əsas (Major) mərhələnin ümumi mükafat fondu ilk dəfə 220 min dollar olacaq (əvvəlki əsas mərhələdə bu rəqəm 200 min dollar olub – S.M.). Yarış martın 22-dək davam edəcək.

Onu da bildirək ki, hazırda yarışın ümumi turnir cədvəlinə Uesli So və Teymur Rəcəbov başçılıq edir. Hər iki şahmatçının 108 xalı var. Təşkilatçı Maqnus Karlsen 85 xalla üçüncüdür. Turnirdən ən çox mükafat qazanan şahmatçı isə hələ Teymur Rəcəbovdur. O, əvvəlki üç tura əsasən 73 500 dollar qazanıb. Vesli Soda isə bu rəqəm 70 min dollardır.

Paylaş

 Xəbəriniz olsun