Cənubun nadir incisi

  • SpaceTV
  • 28 Sentyabr 2019 12:43

Lənkəran xanlığı Şimali Azərbaycanın cənub bölgəsinə nəzarət edib. Mirəhməd Xan Talışinski heç vaxt hakimiyyətdə olmasa da “Xan” titulunu özünə xan nəslindən olduğu üçün götürüb. Mirəhməd Xan sözügedən sarayı 1912-cü ildə həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirib, səbəb isə xanımının 1 il əvvəl Tiflisdə keçirilən Zaqafqaziya gözəllik müsabiqəsində qalibiyyəti olur.

İlham Quliyev (Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin Fond müdiri)

 Məlumat verir ki, binanın layihəsi fransalı memar tərəfindən hazırlanıb və tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub.  Xan Sarayı tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib.

Qeyd edək ki, uzun illər təmir olunmayan Xan Sarayı 2013-cü ildə təmirə bağlanıb və 1 ildən sonra istifadəyə verilib. Restavrasiya işləri aparılarkən binanın tarixi abidəliyinin qorunması nəzərə alınıb. Eyni zamanda burada müasir tələblərə cavab verən daxili və xarici işıqlandırma sistemi, nəzarət kameraları və istilik sistemləri qurulub. Eksponatların mühafizəsi üçün vacib olan bütün şərtlərə əməl olunub.  Xan Sarayı 12 otaqdan ibarətdir, ümumi sahəsi isə 811.85 kv. metrdir. Muzeyin 7000-ə yaxın muzey sərvəti var. Tətbiqi sənət nümunələri, etnoqrafik məişət əşyaları,  sənədlər, numizmatika, arxeoloji, heykəltaraşlıq, rəssamlıq bölmələrinə aid olan əşyalar muzeyə gələnlərin marağına səbəb olur.

Muzeydə nümayiş etdirilən eksponatlar cənub bölgəsinin nə qədər tarixi və mədəni irsə sahib olduğunu göstərir. Xan sarayı həm qərb, həm də şərq memarlıq elementlərini məharətlə özündə birləşdirir. Bu da binaya xüsusi orijinallıq və gözəllik verir. Nəticədə yerli turistlərlə yanaşı əcnəbi turistlərin də marağına səbəb olur.

 Olverdir (Alman turist)- Adım Olverdir və mən Almaniyadanam. Mən Azərbaycana 2010-cu ildən bəri bir neçə dəfə səfər etmişəm.Biz bu ölkəni çox sevdik.Ölkənizin şimalından-cənubuna, qərbindən-şərqinə çox gözəl yerləri var.Azərbaycan çox maraqlı ölkədir və həqiqətən də Azərbaycanı çox sevdik. Bu Azərbaycanda keçirdiyimiz 4-cü ailə tətilimizdir. Bu gün isə Lənkərana gəlmişik. Lənkəran çox gözəl şəhərdir, hər yan yaşıllıqdır.Biz Azərbaycanda olmaqdan və əraziləri görməkdən çox xoşbəxtik.Eləcə də bu evi, Xan evini görməkdən çox xoşbəxtik. Bu ev Almaniyadakı bəzi evlərə oxşayır. Burada özümüzü evimizdəki kimi hiss edirik.

 Alman turist Xan Sarayını öz ölkəsindəki evlərə bənzətsə də, fransız memarın bu sarayın layihəsinə oxşar Fransa və İtaliyada evlər tikdiyi deyilsə də, Lənkərandakı Xan Sarayının dünyada analoqu yoxdur. Bəzi məlumatlara əsasən, Lənkəranda ilk dəfə 1908-1910-cu illərdə Mirəhməd xanın evi tikilərkən daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsilə quyudan su hamamın çəninə vurularmış. Binanın 1-ci mərtəbəsində Mirəhməd xanın qəbul və qonaq otaqları, ikinci mərtəbəsində Tuğra xanımın otaqları, 3-cü mərtəbədə isə keşikçilərin gözləmə otağı və silah anbarı olub. 1916-cı ildə Mirəhməd xanın vəfatından sonra Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilir və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılır. Hal-hazırda isə belə bir tarixi əhəmiyyətli mədəniyyət abidəsi olan  muzeyin qapıları ziyarətçilərinə üzünə açıqdır və Xan Sarayı gələnlərə həmişə keçmişi göstərməyə hazırdır.

Rövşən Almazoğlu Space Lənkəran

Paylaş

 Xəbəriniz olsun