Cənub bölgəsində bir neçə gündür ki, çəltik əkininə başlanıb

  • SpaceTV
  • 1 İyun 2020 13:48

Sahələr beləcə əkin üçün hazırlanır, ardınca polietilen örtük altında olan çəltik şitillərinin açıq sahələrdə əkininə başlanılır. Bura Astaranın Artoba kəndidir. Sözügedən kənddə çəltikçilik tarixən əsas məşğuliyyət sahələrindən olub. Elə buna görə də, rayon üzrə çəltik əkininin 40 faizi məhz bu kəndin payına düşür. Havaların bu mövsüm  əlverişli keçməsi əkinin tez başlanmasına şərait yaradıb.

Bir sıra cənub rayonlarında əkin prosesi xüsusi texnikalar vasitəsilə həyata keçirilsə də, Astarada torpaq sahibləri əsasən əl əməyindən istifadə etməyə üstünlük verirlər. İstehsalçıların dediyinə görə, ənənəvi əkin texnikaya nisbətən daha dəqiq olur ki, bu da gələcək məhsuldarlığa müsbət təsir edir. Amma əkinə qədər sahələrin şumlanmasında istifadə edilən texnikanın azlığı fermerlərin işini müəyyən dərəcədə yubadır.

Havalar əlverişli keçərsə, Astarada çəltik əkini iyun ayının əvvəlində yekunlaşaçaq. Bu il rayon üzrə 250 hektar sahədə çəltik əkilməsi nəzərdə tutulub. Texnika çatışmazlığına gəldikdə isə, Astara Rayon DAİM-dən bildirildi ki, müvafiq qurumlara çəltik əkini üçün əlverişli olan kiçik həcmli traktorların alınması barədə müraciət göndərilib.

RÖVŞƏN ALMASOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun