Cəmi bir neçə ay öncə kapitan rütbəsi almışdı… – Dastan yazan şəhid XTQ zabiti

  • Space TV
  • 16 Dekabr 2020 16:23

Ölümün ən yüksək zirvəsinə yüksələn, şəhid olaraq şəhadətə ucalan Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Nihad Babayev dövlət tərəfindən də ən yüksək ada -“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Naxçıvan Muxtar Respublikasında fəxri qarovulun rəisi olaraq dövlət başçısının və digər rəsmi qonaqların qarşılanma mərasiminə rəhbərlik edib.

Şəhid Nihad Babayevin atası Akif Babayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Nihad hərbçi olmaq xəyalı uğrunda 10 yaşında ailədən ayrılaraq Bakıda xüsusi liseydə təhsil alıb.

N.Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 18 yaşında Heydər Əliyev adına Ali Hərbi Akademiyaya yüksək nəticə ilə qəbul olub.

2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib.

Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib.

Şəhid atası Akif Babayev deyir ki, oğlunun kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda “Günnüt əməliyyatı”nda olub:

“Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədib. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum”.

Qeyd edək ki, “Günnüt əməliyyatı” nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib.

Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin N.Babayev hərbi komandanlığa raportla müraciət edərək, Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb.

Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. Bu döyüşlərdə həm avtomat, həm də zirehli texnika əleyhinə olan “RPG 7” ilə təchiz olunub.

Oktyabrın 29-də Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə şəhid olub. Onun şəhid olmasını ailəsinə döyüş yoldaşları çatdırıb.

Həmin döyüşdə yaralanan hərbçi Kərim Əliyev bildirib ki, qızğın döyüş zamanı ilk o yaralanıb. Daha sonra isə komandiri Nihad Babayevə yaralandığını deyərək ondan özünü qorumasını istəyib. Bundan sonra N.Babayev nərilti çəkərək irəli hücuma keçib və rəhbərlik etdiyi qrupdan xeyli irəlidə təkbaşına döyüşüb. Təxminən 10 dəqiqə döyüşdükdən sonra snayper tərəfindən vurulub.

Akif Babayev deyir ki, oğlu vurulandan sonra da bir neçə dəqiqə döyüşə bilib:

“Nihad özü peşəkar snayper idi. Həmişə söhbət edəndə yarızarafat-yarıciddi deyirdi ki, məni adi silahlarla öldürmək mümkün deyil, məni ancaq snayper vura bilər. Elə dediyi kimi də oldu…”

Kapitan Babayev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Paylaş

 Xəbəriniz olsun