Cəbhəyanı rayonlarda fermerlərin vəziyyəti monitorinq edilir – AÇIQLAMA

  • Space TV
  • 2 Oktyabr 2020 13:12

Kənd təsərrüfatı Nazirliyinin əməkdaşları təmas xətti boyunca fermerlərin vəziyyəti ilə bağlı monitorinqlər aparırlar. 

Spacetv.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

“Biz artıq 6-cı gündür ki, bölgədəyik, təmas xətti boyunca rayonları hər gün gəzirik, hər gün monitorinq edirik, hazırda isə Goranboy rayonu ərazisindəyik. Deyə bilərik ki, fermerlərimizin əhval-ruhiyyəsi çox yüksəkdir. Vətəndaşlarımızı əmin edə bilərik ki, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı heç bir problem yoxdur və olmayacaq da. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas aparıcı qüvvələr fermerlərdir. Bizim arxa cəbhə dediyimiz bölgələrdə yaşayan fermerlər olsun, ön cəbhədə yaşan fermerlər olsun, hər kəs bu gün öz üzərinə düşən məsuliyyəti ikiqat anlayır və əzmlə çalışır”, – deyə o bildirib. 

Şöbə müdirinin sözlərinə görə, Ermənistan hərbi birləşmələri mülki obyektləri davamlı şəkildə atəşə tuturlar:

“Azərbaycan Respublikası Baş Prokurorluğunun da yaydığı məlumatlardan göründüyü kimi ölən və yaralanan insanlar var. Bu insanların böyük əksəriyyəti də fermer, qoşunların təmas xəttində, atəş nöqtəsində yerləşən kəndlərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan insanlardır. Faktiki olaraq, ermənilər həmin təmas xəttində yerləşən insanları təsərrüfatdan uzaqlaşdırmağa və qorxu içərisində saxlamağa çalışırlar.

Lakin, ermənilər əkin sahələrini, kənd təsərrüfatı texnikasını atəşə tutmağa davam edirlər. Dünən Tərtər rayonunda pambıq zavodunun ərazisinə mərmi düşməsi nəticəsində müasir pambıqçılıqda istifadə olunan texnikalardan biri tamamilə yararsız hala salınıb. Eyni zamanda, Ağdam rayonu ərazisində təmas xəttinə yaxın kəndlərin birində fermer təsərrüfatına xeyli ziyan dəyib. Mərmi heyvanların saxlandığı fermaya düşüb, çox sayda heyvan tələf olub. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnkişaf Mərkəzində çalışan sosial işçilərdən biri hansı ki, təmas xətti ərazisində yaşayır və həmin kəndin sakinidir yaralanıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Hər kəs bilir ki, ön cəbhə qədər arxa cəbhənin də önəmi həddən artıq yüksəkdir. Kənd Təsərrüfatı Nazirliyi olaraq bütün qüvvələrimizi ön cəbhəyə yardım üçün səfərbər etmişik. Ön cəbhədə kənd təsərrüfatı fəaliyyətinin təşkili ilə bağlı bu gün artıq 6-cı gündür ki, fermerlərimizin yanındayıq”. 

Vüqar Hüseynov əlavə edib ki, hazırda pambıq, meyvə yığımının aktiv dövrüdür, ən əsası isə taxıl səpininin start verildiyi payızlıq şumun aparıldığı bir dövrdür:

“Təəssüflər olsun ki, Goranboy, Tərtər və Ağdam rayonu ərazilərində təmas xəttində müvafiq işlər dayanıb və bu təbiidir. İnsanların həyati riski var. Lakin, arxa cəbhədə proses tam şəkildə gedir, heç bir ləngimə yoxdur. Fermerlərimiz ikiqat əzmlə çalışırlar.

Həmçinin, biz Yuxarı Ağcakənd, Başkənd ərazisində olduq. Burada heyvanları atəşə tuturlar və insanlar heyvanları örüşə çıxara bilmirlər. Eyni zamanda, Tərtər rayonu ərazisində kənd təsərrüfatı texnikalarını atəşə tuturlar. Bununla da ermənilər insanlarda təşviş yaratmaq istəyirlər, lakin, effekt tam əksinədir. İnsanlar daha ürəklə çalışırlar”.  

Paylaş

 Xəbəriniz olsun