Bu gün müqəddəs Qurban bayramı qeyd edilir

  • SpaceTV
  • 12 Avqust 2019 10:57

Space.TV – Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir.  Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.

Bu müqəddəs gündə müsəlmanlar Allaha olan inanclarını nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

Paylaş

 Xəbəriniz olsun