“Bu ərəfədə Ərdoğanın Bakı səfəri düşmən ölkə üçün mesajdır” – SİYASİ ŞƏRH

  • SpaceTV
  • 26 Fevral 2020 15:40

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri iqtisadi, mədəni, siyasi və hərbi-müdafiə prizmadan olduqca yüksək qiymətləndirilməlidir. İki qardaş ölkə arasında hər tərəfli əlaqələr günbəgün daha da möhkəmlənməkdədir. Bu mənada, Azərbaycan və Türkiyə arasında 14 əməkdaşlıq sənədinin imzalanması hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasına sübutdur”.

SPACE TV bildirir ki, bu sözləri dünən keçirilən Ərdoğan-İlham Əliyev görüşünü şərh edərkən siyasi şərhçi Fərrux Həsənov deyib. O, həmçinin qeyd edib:

“Məlum olduğu kimi, strateji münasibətlər səviyyəsində Azərbaycan və Türkiyə rəhbərlərinin hərbi sənaye sahəsindəki əməkdaşlığa xüsusi önəm verdiklərini açıqlaması, Azərbaycanın Türkiyədən yeni hərbi texnika alacağını bildirməsi bütün hallarda, hər iki ölkənin maraqlarına xidmət edir. Eyni zamanda, Azərbaycan ordusunun, müdafiə sənayesinin gücləndirilməsində müstəsna rol oynayacaq. Bütövlükdə Türkiyə prezidentinin Xocalı soyqırımının 28-ci il dönümü ərəfəsində Azərbaycana səfər etməsi müəyyən mənada düşmən ölkəyə verilən mesaj kimi də qəbul oluna bilər. Türkiyə və Azərbaycan tərəfinin ticarət dövriyyəsini həcminin artırılmasında maraqlı olması, eləcə də, prezident Rəcəb Təyyub Ərdoğanın ticarət həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu vurğulaması onu deməyə əsas verir ki, növbəti illərdə Bakı və Ankara arasında iqtisadi əlaqələr daha da möhkəmlənəcək. Ümumiyyətlə, bütün sferalarda rəsmi Bakı ilə rəsmi Ankara arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir, Ərdoğanın son səfəri bu inkişafı daha da sürrətləndirəcək”.

Ərdoğanın Bakı səfəri ilə bağlı saytımıza danışan politoloq İlyas Hüseynov isə bildirib ki, görüş iki ölkə arasındakı bütün sahələr baxımından önəmlidir və bu əlaqələri daha da genişləndirəcək:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirak etmək üçün Bakıya səfər etdi. Və bu səfər çərçivəsində prezident İlham Əliyev ilə fikir mübadiləsi aparıldı. Çox önəmli sazişlər, fəaliyyət planları və protokollar imzalanıb. Bu sənədlər müxtəlif sahələri əhatə edir. Burada investisiyaların təşviqindən, televiziya, təhlükəsizlik üzrə əməkdaşlıq, dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılması, preferensial ticarət, rəqabət siyasəti sahəsində, nəqliyyat, energetika və mədənçilik, qarşılıqlı vizadan azadetmə kimi sənədlər mövcuddur. Bunların içində çox diqqətimi çəkən preferensial icarət sazişinin imzalanmasıdır. Bildiyimiz kimi Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2019-cu ildə 33 faiz yüksələrək 4,5 milyard dollara çatıb. Ərdoğanın çıxışında belə bir fikir var idi ki, bu ticarət dövriyyəsini 15 milyard dollara qədər qaldırmaq niyyəti var. Düşünürəm ki, preferensial ticarət sazişi sayəsində bu ticarət dövriyyəsini gözlənilən rəqəmə qaldırmaq mümkün olacaq”.

İlyas Hüseynov həmçinin deyib ki, imzalanan sənədlər iqtisadi sahədə problemlərin aradan qalxmasına səbəb olacaq:

“Ötən dövr ərzində Azərbaycan Türkiyəyə 18 milyard sərmayə yatırıb. Prezident İlham Əliyev də öz nitqində bildirdi ki, bu məbləğdə sərmayəni yalnız qardaş ölkəyə yatırmaq olar.

Diqqətçəkən daha bir sənəd Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxşıvan-Culfa dəmiryolunun tikilməsi ilə bağlı memorondumudur. Naxçıvan blokada şəraitindədir və orada istehsal edilən malların ixracında problemlər var və bu dəmiryolunun tikintisi bu problemləri aradan qaldıracaq.

Ümumilikdə bu səfər Türkiyə-Azərbaycan arasındakı bütün sahələrdəki əlaqələr baxımından önəmli əhəmiyyət daşıdı”.

Paylaş

 Xəbəriniz olsun