Böyük ticarət mərkəzləri və “mall”lar bu qaydalarla işləsin – DEPUTAT

  • SpaceTV
  • 30 İyun 2020 12:08

Əksepidemik tədbirlər konkret epidemiya mənbəyinə fokuslanmalıdır. Bu gün Bakıda əsas epidemik ocaqlar müəyyən edilib söndürülməlidir.

space tv xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib

Onun fikrincə, diqqət daha çox marketlərə, apteklərə, metroya və avtobuslara yönəlməlidir:

“Mən bu gün bir neçə market və aptekdə müşahidə apardım. Marketlərin işçilərinin belə bəziləri maska rejiminə əməl etmirlər, ya maskasızdırlar, ya da maskaları çənələrinin altına keçirilmiş vəziyyətdədirlər.

Marketlər daha çox sifariş – evə çatdırılma sistemi ilə işləsələr, maskasız olan müştəriləri dükana buraxmasalar, alıcıları sıxlıq yaratmadan yola salsalar, eyni vaxtda 15-20 nəfərdən çox müştərini içəriyə almasalar, bu məkanda yoluxma riskini minimuma endirmək olar.

Karantin dövründən sonra da vəziyyət tam stabilləşənə qədər bütün bazarlar, böyük alış-veriş mərkəzləri, o cümlədən “Sədərək” və “Binə” kimi ticarət mərkəzləri onlayn rejimdə xidmət göstərməlidir.

Apteklər hazırda xəstə və virus daşıyıcısı olan insanların daha çox müraciət etdiyi məkanlardan biridir. Təklif edirəm ki, koronavirus pandemiyası bitənə qədər bütün apteklər satışı onlayn sifariş əsasında evə çatdırma və pəncərədən xidmət şəklində həyata keçirsinlər. Aptek sahəsi kiçik olan qapalı məkan sayıldığından burada maska ilə belə yoluxma təhlükəsi böyükdür.

Bununla yanaşı, evdə müalicə alan COVİD-19 xəstələrinin müalicəsində işlədilən dərmanlar yalnız resept əsasında satılmalıdır ki, defisit yaranmasın, bu xəstələrin dərmanları onlayn sifariş əsasında evlərinə çatdırılsın ki, virus daşıyıcıları aptekə gedərək digər insanları yoluxdurmasın. Yaxşı olar ki, antivirus preparatlar evdə müalicə olunan yüngül xəstələrə də TƏBİB-in vəsaiti hesabına verilsin. Ən azı sosial müdafiəyə ehtiyacı olan ailələrə bu dəstək göstərilsin.

Avtobus və metro vaqonlarına maskasız sərnişin mindirilməməlidir, əgər sərnişin ictimai nəqliyyata mindikdən sonra maska rejimini pozursa, nəzarətçi polis tərəfindən dərhal cərimələnməlidir.

Kənd yerlərində əsas yoluxma mənbələri xeyir-şər mərasimləridir. Qadağalara, maariflənmə işlərinə baxmayaraq, kəndlərdə yenə də yas mərasimləri çoxlu insanların iştirakı ilə keçirilir, gizli keçirilən nişan və toy mərasimləri haqqında da informasiyalar gəlməkdədir.

Hesab edirəm ki, Operativ Qərargahın qərarı ilə kəndlərdə kənd icra nümayəndəsi, bələdiyyə sədri və polis sahə müvəkkilindən ibarət nəzarət qrupları yaradılmalı və onlar kəndlərdə mərasimlərin təlimat və qaydalara uyğunluğuna nəzarət etməli və cavabdehlik daşımalıdırlar.

Milli Məclis karantin rejimi qaydalarının pozulmasına, o cümlədən qoruyucu tibbi maskalardan istifadə etməməyə görə cərimələrin artırılması barədə qanun qəbul etdi. Yeni qanun situasiyanı dəyişəcəkmi?

Fikrimcə, kompleks yanaşma tətbiq edə bilsək, uğurlu nəticələr o qədər də uzaqda deyildir”.

Paylaş

 Xəbəriniz olsun