“Böyük Qayğı” proqramı davam edir – FOTO

  • Space TV
  • 19 Fevral 2021 16:35

Ötən ay “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən təqdim olunan “Böyük Qayğı” proqramı öz fəaliyyətini davam etdirir. 

Proqram çərçivəsində respublikanın bütün rayon və şəhərlərini əhatə edilməsi hədəf qoyulan, ilkin olaraq Bakı və Abşeron əraziləri üzrə başladılan Vətən müharibəsi qazilərini ziyarətlər davam etməkdədir. “Böyük Qayıdış” Gənclər Təşkilatının rəhbər heyəti, proqramın səfirləri və könüllülərin iştirakı ilə baş tutan növbəti görüşlər zamanı qazilərə “Böyük Qayğı” proqramı və proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında  məlumatlar çatdırıblar.

Proqram haqqında daha geniş auditoriyaya məlumat çatdırmaq, həmçinin qazilərlə həmsöhbət olaraq, dəstəklərini bildirmək məqsədilə görüşlərdə öz sahələrində tanınan simalardan aparıcı Azər Süleymanlı, müğənni Nura Suri və fotoqraf Vahid Həsənov proqramın “Ulduz səfirlər”i qismində iştirak ediblər.

Qeyd edək ki, proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir. 

Bu məqsədlə mobil könüllü qrupları yaradılıb. Proqram boyunca sosial həssas qruplarla işləmə bacarığı ilə bağlı təlimlərdə iştirak etmiş və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin edilmiş könüllülər davamlı olaraq qazilərimizi ziyarət edəcək, onların asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə kömək olacaqlar. Həmçinin proqram çərçivəsində xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlərin təşkil edilməsi də nəzərdə tutulub.

Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər boyukqayidish.az saytı və İctimai Birliyin sosial media hesabları və ya [email protected] maili vasitəsilə əlaqə yarada bilərlər. Həmçinin ziyarətlər zamanı hazırlanan video və foto hesabatlarla sözügedən saytda tanış olmaq mümkündür.

Paylaş

 Xəbəriniz olsun