Boyanın rəngi tikinti şirkətinin üzünü niyə müştərilərinin yanında qara etdi?

  • Space TV
  • 19 Avqust 2020 13:43

Paytaxtda hündürmərtəbəli binalardan mənzil alan sakinlərə sonradan müqavilədə göstərilən mənzil təqdim edilmədikdə tərəflər arasında problemlər meydana çıxır. Space TV-nin xəbərinə görə, bu dəfə sakinlər mənzillərindən deyil, binanın fasad hissəsinin  onlara şirkət tərəfindən kataloqda göstərilən rənglə rənglənmədiyi üçün şikayətçidilər.

Söhbət Nizami rayonu Məhsəti Gəncəvi və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində tikintisi aparılan 15 mərtəbəli binadan gedir. Binanın iş icraçısı Anar Tağızadə  deyir ki, sakinlərlə onlar arasında yaranan mübahisəyə səbəb binanın üzlənməsi zamanı istifadə edilən boyanı aldıqları şirkətdir.

Şirkətdən 10 min manat məbləğində boya alan tikinti rəhbərliyi  məhsuldan istifadə etdikdən sonra müsbət nəticə əldə etmədikləri üçün, boya şirkətinə məhsulun keyfiyyətsiz olması ilə bağlı yazılı formada müraciət edib. Sözügedən boya şirkətinin laboratoriya əməkdaşları binaya baxış keçirib. Boyanın keyfiyyəti araşdırıldıqdan sonra  qarşı tərəfə istədikləri nəticəni əldə etmədikləri üçün müəyyən təkliflər də veriblər.

Şikayətçi ilə birlikdə sözügedən boya şirkətinə yollandıq. Mağaza müdiri Asif Məmmədov inşaatda boya şirkətinin məhsulundan istifadə edildikdən sonra yaranan problemlə bağlı şirkət rəhbərliyinin göstərişinə uyğun olaraq araşdırılma aparıldığını dedi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da  mövsümlə əlaqədar olaraq tikinti  sektorunda  yaşanan canlanma səbəbindən bu sahə üzrə şikayətlərin də sayının çox olduğunu deyir.

İndi qalır zərərçəkmişin məhsul alıb keyfiyyətindən narazı qaldığı şirkətlə aralarında yaranan problemi hüquq mühafizə orqanlarının araşdırmasına. Mövzuya bir daha qayıdacağıq.

Rəşad Vəkiloğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun