BNA-dan sürücülərə MÜRACİƏT: Bu yolda dəyişikliklər edilib!

  • Space TV
  • 1 Fevral 2020 14:21

Bakının Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilir.

Bu barədə SPACE TV-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Şəfayət Mehdiyev küçəsinin Ə.Haqverdiyev və Lev Landau küçələrini əlaqələndirən hissəsi təmir edilərək istifadəyə verilib və bu səbəbdən işıqfor obyektində əlavələr edilib.

Yeni quraşdırılmış işıqforun iş prinsipinə əsasən, Ş.Mehdiyev küçəsinin yeni istifadəyə verilmiş hissəsindən (Hüseyn Cavid parkı tərəfdən) Ə.Haqverdiyev küçəsi ilə kəsişməyə doğru hərəkət edən nəqliyyat vasitələri kəsişmədən düzünə və sağa hərəkət edəcəyi halda, qarşı tərəfdən gələn nəqliyyat vasitələri istənilən istiqamətə yönələ biləcəklər. Lakin həmin istiqamətdən (Hərbi şəhərcik tərəfdən) sola dönən nəqliyyat vasitələri qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə yol verərək onlar üçün ayrılmış növbəti fazada hərəkətlərini davam etdirəcəklər. Həyata keçirilmiş dəyişiklikdən sonra artıq nəqliyyat vasitələrinin Lev Landau küçəsindən qısa müddətdə Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrinin kəsişməsinə çıxışı mümkün olacaq. Bununla da Hüseyn Cavid prospekti və onu əhatə edən digər küçələrin nəqliyyat yükü azaldılacaq.

“Bakı Nəqliyyat Agentliyi sürücülərdən sözügedən yol sahəsindən keçərkən yeni hərəkət sxeminə diqqət etməsini, yol nişanlarının, nişanlanma xətlərinin və svetoforun tələblərinə riayət etməsini, qəza hallarının yaranmasına şərait yaratmamasını xahiş edir”.

Paylaş

 Xəbəriniz olsun