BMT sakinlərə yardımı artırır

  • SpaceTV
  • 10 Sentyabr 2019 12:22

Qasırğadan əziyyət çəkənlərə sutəmizləmə həbləri, kanistrlər və digər əşyalar çatdırılıb. Humanitar yardım 9500-dən çox uşaq və onların ailələri üçün nəzərdə tutulub. Bir həftə əvvəl Baham adaları 5-ci dərəcəli “Dorian” qasırğasına məruz qalıb. Abako və Böyük Baham adaları daha çox zərər çəkib. UNICEF-in məlumatına görə, təbii fəlakət nəticəsində bu adalarda bu və ya digər dərəcədə 18 min uşaq zərər çəkib. UNICEF əməkdaşları böyük çətinliklə Abako adasına gələ biliblər. Onlar adanın viran qaldığını bildirirlər. Yollar, məktəb və xəstəxana binaları sıradan çıxıb. Şiddətli küləyin havaya qaldırdığı avtomobil və qayıqlar ağacların təpələrinə çırpılıb.

Space TV Xarici mətbuata istinadən xəbər verir ki, UNICEF-in Latın Amerikası və Karib hövzəsi üzrə regional direktorunun müavini Yusif Əbdül Cəlil deyib: ”Qasırğadan zərər çəkən uşaqlar və onların ailələri doğmalarını itiriblər, ev-eşiklərindən və yaşama vasitələrindən məhrum olublar. Onların cüzi miqdarda su və qida ehtiyatı var”. Hazırda Baham adaları sakinlərinin təmiz suya ehtiyacı var, çünki onsuz da pis işləyən su təchizatı sistemi qasırğa nəticəsində lap bərbad vəziyyətə düşüb, daşqınlar səbəbindən dəniz suyu şirin suya qarışıb. Zərərçəkənlər ərzaq və müvəqqəti yaşayış yeri ilə təmin olunub. Y.Ə.Cəlil UNICEF-in yardımı barədə danışaraq bildirib ki, “təmiz içməli su, xüsusən, ana və uşaqlar üçün ən qiymətli və həyat əhəmiyyətli yardımdır”. Uşaq Fondu yenidən donor ölkələri Baham adalarının sakinlərinə yardım göstərmək üçün 4 milyon dollar ayırmağa çağırıb.

Ötən həftə Beynəlxalq Miqrasiya Təşkilatı uçmuş dam örtüklərini əvəzləmək üçün Baham adalarına brezent çatdırıb. Dünya Səhiyyə Təşkilatının həkim briqadaları adalara gəliblər. Onlar tibbi yardım göstərir, habelə insanların gigiyena və sanitariya vasitələri ilə təmin olunmasına kömək edirlər.

Paylaş

 Xəbəriniz olsun