“Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

  • SpaceTV
  • 7 Avqust 2019 14:13

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Ümumi sahəsi 1,4 hektar olan həyət Binəqədi rayonu, Abay Kunanbayev küçəsi və Süleyman Sani Axundov küçəsi 15/1 ünvanlarında 2650 nəfər sakinin yaşadığı beşmərtəbəli yeddi binanı əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə  əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb. Ərazidə örtülü mini futbol və basketbol meydançaları, müxtəlif idman qurğuları və uşaqlar üçün 3 oyun meydançası salınıb.

Eyni zamanda, ərazidə 5 söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Həmçinin həyətdə yeni işıqlandırma dirəkləri də quraşdırılıb. Binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac, gül kolları əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində paytaxtımızda abadlaşdırılan iyirmi səkkizinci həyətdir.

Paylaş

 Xəbəriniz olsun