Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb

  • SpaceTV
  • 23 Sentyabr 2020 17:01

Massaçusets Texnologiya İnstitutunun alimləri Günəşdən 186 işıq ili məsafədə Yerə bənzər və “öz” Günəşi ətrafında 3,14 sutkaya bir dövrə vuran ekzoplanet kəşf ediblər.

Spacetv.az xəbər verir ki, rəsmi adı K2-315b olan ekzoplanet hələ 2017-ci ildə kəşf edilmişdi.

Ancaq SPECULOOS layihəsində yer alan Atakama səhrasındakı və Tenerife adasındakı rəsədxanaların məlumatlarından istifadə edərək aparılan hərtərəfli təhlillər yanız indi kütləsi Günəş kütləsinin 0,17 hissəsinə bərabər olan K2-315 adlı qırmızı “cırtdan” ətrafında dövr edən K2-315b planetində bir ilin uzunluğunu hesablamağa imkan verib.

Nəticə alimləri əməlli-başlı təəccübləndirib. Belə ki, planetin tam bir dövrəsi Yerin ölçüləri ilə 3,14 sutkada tamamlanır. 3,14 rəqəmi Yerdə çevrənin uzunluğunu hesablamaq üçün istifadə edilən π rəqəmi olaraq bilinir. Məhz bu fakt alimlərə K2-315b ekzoplanetinə qeyri-rəsmi olaraq “π-Yer” adı vermək üçün səbəb olub.

Maraqlıdır ki, planetin radiusu Yerin radiusunun 0,95 hissəsinə bərabərdir.

Yer ilə bənzər olmasına baxmayaraq, planetdə bioloji həyat qeyri-mümkündür. Çünki planetin səthində təxmin edilən istilik 177 dərəcə Selsi təşkil edir.

Paylaş

 Xəbəriniz olsun