Beyrut limanının administrasiyası ev dustağı edilib

  • SpaceTV
  • 6 Avqust 2020 16:54

Livanda, Beyrut limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 137 nəfərə çatıb. 

Spacetv.az xəbər verir ki, ölkədə matəm, şəhərdə isə fövqəladə vəziyyət elan edilib.

Çərşənbə axşamı baş vermiş partlayışa görə konkret vəzifəli şəxslər məsuliyyətə cəlb olunmayana qədər Livan hökuməti Beyrut limanının bütün administrasiyasını ev dustaqlığına yerləşdirib. Müvafiq qərar Nazirlər Kabinetinin fövqəladə iclasında qəbul edilib. Qərarın yerinə yetirilməsi orduya həvalə edilib. Partlayışın törətdiyi fəsadlar isə araşdırılmaqdadır.

Livanın “Abou Merhi Group” şirkətinə məxsus “Orient Queen” kruiz layneri Beyrut limanında güclü partlayışdan sonra batıb. Hadisə nəticəsində iki nəfər vəfat edib, yeddi ekipaj üzvü yaralanıb. Partlayış gəmini ciddi şəkildə zədələyib. Korpusdakı axının qarşısının operativ şəkildə alınmasına baxmayaraq, gəmiyə su daxil olmağa başlayıb və layner dənizin dibinə gedib.

ABŞ-ın Müdafiə Nazirliyi də partlayışı araşdırmağa başlayıb. Pentaqon rəhbəri Mark Esper bildirib ki, bir çoxları Beyrutdakı partlayışın qəza səbəbindən baş verdiyinə inansa da, bu, heç də belə olmaya bilər. Beyrutdakı partlayışa dünya dövlətlərinin reaksiyası da gecikməyib. Britaniya hökuməti evsiz qalan insanlara kömək üçün 5 milyon funt sterlinq yardım edəcəyini açıqlayıb. Qonşu Türkiyə isə baş verən faciəli qəza ilə əlaqədar Livana 400 ton buğda göndərəcək.

Fransa Prezidenti Emmanuel Makronun göstərişi ilə artıq iki təyyarə xilasedicilər və humanitar yardımla birlikdə Livana göndərilib. Yardım göndərən ölkələr arasında BƏƏ və İran da var.

Paylaş

 Xəbəriniz olsun