BEYNƏLXALQ FESTİVALA ETİRAZ – VİDEO

  • SpaceTV
  • 3 İyul 2020 14:09

Bu il keçiriləcək 73-cü Kann film festivalında Azərbaycanda çəkilən və elə Azərbaycandan bəhs edilən film də yer alıb.  Söhbət  ermənilərin işğal altındakı  Dağlıq Qarabağda çəkdikləri “Əgər Külək Əsərsə” filmindən gedir.  Bəli,  Dağlıq Qarabağdan bəhs edən və  rejissoru Nora Martirosyan olan bu film Kann kinofestivalında nümayiş üçün seçilən  56 film sırasındadır. İşğal olunmuş ərazilərimizdə, daha dəqiq desək Xankəndində lentə alınan bu filmdə hədəf  Azərbaycan və azərbaycanlılardır.  Buna Azərbaycan təbii ki reaksiyasız qala bilməzdi, və qalmadı da. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fransanın Azərbaycandakı səfiri Zakari Qros və Kann Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib.

Kinematoqrafçılar İttifaqının göndərdiyi etiraz məktubunda deyilir :

 “Erməni rejissoru Nora Martirosyanın çəkdiyi “Əgər külək əsərsə” filmi ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir. Həmin filmin Venesiya, Nyu-York, Dovil, Toronto, San-Sebastyan, Anqulem, Pusan və Lionda nümayişi nəzərdə tutulur. Bu kinolentin yaradıcıları xalqlar arasında düşmənçiliyi daha da qızışdırmaq üçün filmin yayılma arealını genişləndirmək və Azərbaycana, öz doğma torpaqlarına dönmək həsrəti ilə yaşayan xalqımıza qarşı nifrət hissini artırmaq niyyətlərini heç də gizlətmək istəmirlər. Bu baxımdan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı dünya dövlətləri, BMT və Beynəlxalq Təşkilatlar tərəfindən tanınmayan qondarma rejimin bədnam ideoloji niyyətlərini Fransa ictimaiyyətinə və digər ölkələrin vətəndaşlarına sırımaq məqsədi daşıyan filmin Kann Festivalında nümayişinin baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək”, – sitatın sonu.

Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı müvafiq addımlar atıb. Ümid edirik ki qısa zamanda Azərbaycan tərəfinin etirazlarına  müsbət cavab gələcək və  bədnam qonşularımızın bu təxribat əməlinin də qarşısı alınacaq.

Orxan Şükür

Paylaş

 Xəbəriniz olsun