BERNAMA agentliyi: Azərbaycan Prezidentinin təşəbbüsü Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən dəstəklənib

  • SpaceTV
  • 27 Aprel 2020 13:41

Malayziyanın BERNAMA rəsmi informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi təşəbbüsü barədə geniş məqalə yayıb.

SPACE TV  xəbər verir ki, agentlik Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Zirvə görüşünün cari il mayın 4-də “COVID-19-a qarşı birlikdəyik” devizi altında keçiriləcəyini bildirib. Qeyd olunub ki, koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, o cümlədən dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsinin vacibliyi fonunda Azərbaycan Prezidentinin təşəbbüsü Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib.

Məqalədə COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizəyə Azərbaycanın verdiyi müsbət töhfələrdən bəhs olunaraq, cari il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşünün əhəmiyyəti vurğulanıb. Həmçinin pandemiyaya qarşı mübarizədə beynəlxalq səyləri dəstəkləmək məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının cavab tədbirləri fonduna 5 milyon ABŞ dolları dəyərində könüllü maliyyə ianəsi barədə məlumat oxucuların diqqətinə çatdırılıb.

Məqalənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar: https://www.bernama.com/en.

Məlumat üçün bildirək ki, Malayziyanın ən nüfuzlu rəsmi mətbuat orqanı olan BERNAMA agentliyi 1967-ci ildə təsis edilib və 1968-ci ildən fasiləsiz fəaliyyət göstərir. Yalnız Malayziyada deyil, eyni zamanda, Cənub-Şərqi Asiya regionunda aparıcı xəbər istehsalçılarından olan BERNAMA-nın materiallarına çoxsaylı yerli, regional və beynəlxalq kütləvi informasiya vasitələrində tez-tez istinadlar edilir.

BERNAMA ilə SPACE TV arasında həm ikitərəfli formatda, həm də beynəlxalq xəbər alyansları çərçivəsində sıx əməkdaşlıq var.

Paylaş

 Xəbəriniz olsun