Belçika kralının nikahdankənar qızı nəhayət şahzadə titulunu aldı

  • Space TV
  • 2 Oktyabr 2020 10:17

Keçmiş Belçika kralı II Albertin nikahdankənar qızı Delfina Boel uzun illik mübarizədən sonra şahzadə titulunu alıb.

Spacetv.az xəbər verir ki, bu barədə RTBF xəbər yayıb.

Brüssel Apellyasiya Məhkəməsi 52 yaşlı Boelin kral ailəsinin digər üzvləri ilə eyni hüquqlara malik olduğunu təsdiqləyib. O, artıq şahzadə titulunu və Saksen-Koburq-Qot sülaləsinin soyadını daşıya biləcək. Onun övladları Jozefina və Oskar da Belçika şahzadəsi sayılıb. Qeyd olunur ki, indi onlara “Kral Həzrətləri” deyə müraciət ediləcək.

II Albert yanvar ayında Delfina Boelin bioloji atası olduğunu təsdiqləyib.

Boel 2013-cü ildən bəri DNT analizi üçün mübarizə aparırdı. Lakin o zamanlar Albert dövlət başçısı idi və məhkəmədə təqsirləndirilən şəxs kimi iştirak edə bilməzdi.

Boelin anası Baronessa Sibil de Seli Lonqşan 1966-1984-cü illərdə II Albertin məşuqəsi olduğunu iddia edib. Onun sözlərinə görə, qızı yetkinlik yaşına çatana qədər atasının adını ondan gizlədib.

Delfinanın qanuni atası Seli-Lonqşanın keçmiş əri Jak Boel hesab olunur. O çoxdan arvadından boşanıb və ehtimal ki, qızını mirasdan məhrum edib.

Paylaş

 Xəbəriniz olsun