Belaruslu ekspert: Bakı Minskin sərfəli iqtisadi tərəfdaşıdır

  • SpaceTV
  • 11 Yanvar 2020 12:46

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində sözügedən bloka Belarus nümayəndəsi Stanislav Zasın mümkün rəhbərliyi məsələsinin müzakirəsinin başladığı gündən etibarən Ermənistanın siyasi və ekspert dairələrində kütləvi qabaqlayıcı isteriya və təşviş halları müşahidə olunmağa başladı.

“Erməni” simptomlarına Belarus Dövlət Təhlükəsizlik Şurasının katibi (2015-ci ildən – red.) general-leytenant Zasın Sovet dövründə məşhur olan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirməsi səbəb olub.

Beləliklə, Ermənistandan sonra təşkilata sədrlik təsdiqlənmiş KTMT qaydalarına uyğun olaraq, bloka rəhbərlik edən ölkələr əlifba sırası ilə dəyişdiyi üçün Belarusa keçdi.

Sözügedən qərar KTMT Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) Bişkekdə keçirilən iclası zamanı qəbul edildi.

Belarus politoloqu, Siyasi Təhlil və Proqnozlar Mərkəzinin rəhbəri Pavel Usov SPACE TV-ə Azərbaycan-KTMT formatında münasibətlərin yeni sədr Stanislav Zasın rəhbərliyi altında hansı şəkildə inkişaf edəcəyindən bəhs edib.

“Stanislav Zasın Yerevanla müqayisədə Bakıya daha loyal olduğunu deməzdim.  Azərbaycana qarşı münasibət müəyyən şəxslər tərəfindən deyil, ölkənin ən ali rəhbərliyi və iqtisadi prioritetləri ilə müəyyən edilir.

Zasın mövqeyi Minskin Bakıya münasibətdə ümumi konstruktiv siyasətinin əks olunmasıdır. Gələcəkdə münasibətlərin paradiqmasının dəyişməyəcəyini əminliklə söyləmək olar”, – müsahib bildirib.

KTMT və Bakı arasındakı qarşılıqlı münasibətlərin inkişafına gəldikdə, Usovun sözlərinə görə, bu istiqamətdə də heç bir böyük dəyişiklik baş verməyəcək.

“KTMT mahiyyəti etibarilə siyasi bir təşkilatdır və dərin böhran proseslərinin həllinə təsir göstərmir. Həmçinin, nəzərə almaq lazımdır ki, bu təşkilatın fəaliyyət istiqamətini Moskva müəyyənləşdirir və hazırda Rusiya ilə Azərbaycan arasında iqtisadi və siyasi münasibətlərin müsbət konyunkturası qurulub”, – ekspert bildirib.

Politoloq əlavə edib ki, KTMT-nin yeni rəhbəri Ermənistanın və ya Azərbaycanın hər hansı bir fəaliyyətinin qiymətləndirilməsindən və bu barədə ifadələrdən çəkinəcək.

Azərbaycan və Belarus arasındakı hərbi-texniki əməkdaşlıq məsələlərini şərh edən Pavel Usov bildirib:

“Bildiyiniz kimi, Azərbaycan Belarusdan silah-sursat alışında liderlərdən biridir. Son illərdə Belarus Azərbaycana milyonlarla dollar dəyərində hərbi texnika və avadanlıqlar, o cümlədən “Polonez” yaylım atəş sistemi, radiotexniki kəşfiyyat sistemləri, zenit-raket kompleksləri və.s çatdırıb. Başqa sözlə, əgər Yerevan siyasi müttəfiqdirsə, o zaman Bakı  sərfəli iqtisadi tərəfdaşdır. Bu isə Belarusdakı böhran şəraitində çox vacibdir”.

Ekspert əmindir ki, bu səbəbdən Azərbaycanla hərbi-texniki əməkdaşlıq Belarus üçün prioritet əhəmiyyət kəsb edəcək.

Mümkün tərəfdaşlıq, müşahidəçi statusunun verilməsi və ya Azərbaycanın KTMT-yə daxil olması barədə danışıqlara gəlincə, ekspert bu cür danışıqların hələ 2018-ci ildə aparıldığını xatırladıb.

“2019-cu ildə KTMT rəhbərliyi, həmçinin bu istiqamətdə dialoqa hazır olduğunu bildirib. Lakin KTMT-də qərar qəbuletmə mexanizmi bütün üzv ölkələrin razılığına, yəni konsensusa əsaslanır.

Məlumdur ki, Ermənistan Azərbaycanın təşkilata qoşulmaqla bağlı istənilən cəhdlərini əngəlləyəcək. Öz növbəsində, Rusiya üçün bu, geosiyasi uğur olardı, amma hər halda, əgər 2020-dən danışsaq,  KTMT-nin yeni üzv əldə etmək perspektivləri olduqca aşağıdır”, – Usov bildirib

Paylaş

 Xəbəriniz olsun