Basqal kələğayılarına maraq artıb

  • SpaceTV
  • 2 Dekabr 2019 15:36

Qədim Basqalın tarixi abidələri, maddi-mədəniyyət nümunələri və dünyada tanınan kəlağayıları hər zaman qəsəbədə olan yerli və xarici qonaqların diqqətini çəkib.  Bütün bu işləri ərsəyə gətirənlər isə Basqalda yaşayan və hər zaman yeni axtarışlarda olan, eyni zamanda, qədim adət-ənənələri yaşadan yerli sənətkarlardır. Onlardan biri də 63 yaşlı Mürşüd Talıbovdur. .İxtisasca oymaçı olan usta  50 ildir kəlağayı istehsalı ilə məşğuldur. Bu günə kimi saysız-hesabsız kəlağayı boyayıb, naxış vuran Mürşüd usta ilk dəfə olaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şəklini kəlağayı üzərinə köçürüb. Bu, Basqallı ustanın həm də “Nəsimi ili”nə bir töhfəsidir.

Eyni zamanda, adi kəlağayılarda 1-2 rəng lazımdırsa, bu kəlağayıların boyanmasında 5-6 rəngdən istifadə olunub.
Ustanın həvəslə və böyük zəhmətlə ərsəyə gətirdiyi  əl işləri görənlərin marağına səbəb olur. Mürşüd Talıbov deyir ki, “ötən əsrin 70-ci illərindən sovet hakimiyyətinin son dövrlərinə qədər Basqalda kəlağayı sənətini itirmək istəyirdilər. Kimin həyətində kəlağayı hazırlansaydı, o, ağır cəza ala bilərdi. Amma ölkəmiz müstəqillik qazandıqdan sonra yenidən bu sənətə və sənətkarlara dövlət tərəfindən dəstək verilməyə başladı. Bununla da Basqal kəlağayısı yenidən öz şöhrətini qaytardı”.

Qeyd edək ki, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri – Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində kəlağayı sənətinə çox yüksək qiymət verilir. Həmin diqqət sayəsində bu gün Azərbaycan kələğayıları UNESKO-nun Qeyri-maddi-mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bütün bunlara əsaslanaraq, indi əminliklə demək olar ki, kəlağayı sənəti özünün yeni inkişaf dövrünü yaşayır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun