Başqa dövlət ərazisində dindirilməsi tələb olunan şəxslərlə bağlı YENİLİK

  • Space TV
  • 25 Yanvar 2021 12:08

“COVID-19 pandemiyası ilə bağlı sərhədlər bağlı idi və poçt işləmirdi, bu səbəbdən ekstradisiya sahəsində problem yaranmışdı”. 

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib. 

O bildirib ki, ekstradisiya sahəsində sənədlərin əsli olması vacibdir:

“Bu problemi həll etmək məqsədilə elektron sənəd dövriyyəsinin həyata keçirilməsinə nail olduq. Beləliklə pandemiya dövründə xarici ölkədə olan Azərbaycan vətəndaşlarının ölkəmizə ekstradisiyasını təmin edə bildik”.

“Nazirliyin tarixində ilk dəfə olaraq elektron qaydada Vyetnamla Azərbaycan arasında memorandum imzalanıb. Əgər koronavirusla bağlı problem olsa, biz konfransları videoformatda həyata keçirəcəyik. Bu sahədə müəyyən konvensiyalar var ki, onlara qoşulma məsələsi də müzakirə edilir. Hətta hər hansı şəxsin başqa dövlətin ərazisində dindirilməsi tələb olunursa, bu videokonfrans şəklində həyata keçirilə bilər, bu da bu sahədə ciddi yeniliklərdən biridir”, – deyə o qeyd edib.

Mətbuat konfransında çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, pandemiya dövründə ədliyyə orqanlarında həyata keçirilən işlər barədə onlayn görüşlər vasitəsilə məlumatlar verilib.

O bildirib ki, 2020-ci ildə ölkəmizdə bir çox sahələrdə olduğu kimi ədliyyə sahəsi də pandemiya dövründə fəaliyyətini onlayn qaydada həyata keçirib:

“Pandemiya dövründə 21 videoformatda görüş keçirilərək, ədliyyə sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətə məlumat verilib. 

Bütün çətinliklərə baxmayaraq, 2020-ci ildə ölkəmizin hərbi siyasi uğuru, müasir tariximizin şərəfli səhifələrindən biri oldu”.

Paylaş

 Xəbəriniz olsun