Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

  • SpaceTV
  • 10 Dekabr 2019 17:51

Dekabrın 10-da Baş Prokurorluqda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən SPACE TV -ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər. Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, prokurorluq əməkdaşları, görkəmli dövlət xadimi Heydər Əliyevin anım mərasimini keçirməklə onun zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq əziz və unudulmaz xatirəsini hörmətlə yad edir, gördüyü möhtəşəm işlərin əhəmiyyətini minnətdarlıq hissi ilə dərk edirlər.

Bildirilib ki, dahi şəxsiyyətin parlaq dühası onu dünya siyasətinin nəhəng şəxsiyyətlərindən birinə çevirib. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur” – deyən dahi rəhbər 30 ildən artıq bir müddətdə – istər sovetlər dövründə, istərsə də müstəqillik illərində qüdrəti və dərin zəkası, müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarıb. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə ulu öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb.

Vurğulanıb ki, məhz ulu öndərin rəhbərliyi dövründə onun qətiyyətli addımları sayəsində məhkəmə-hüquq sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanılıb, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması və 1998-ci ildə birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması gerçəkliyə çevrilib.

Mərasim iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunub, bu unudulmaz hadisə prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirilib. Azərbaycan Respublikası Prokurorluğunun çoxsaylı kollektivi ulu öndərin müdrik rəhbər kimi diqqət və qayğısını daim hiss etmiş, fəaliyyətinə verilən yüksək qiyməti səmimi minnətdarlıq duyğuları ilə qarşılayıb, xalqımıza ləyaqətlə xidmət göstərib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının bütün dövlət təsisatları kimi prokurorluq orqanlarının idarəetmə sistemində statusuna uyğun layiqli yerini tutması Heydər Əliyevin dövlətçilik siyasəti və bu siyasəti yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktiki fəaliyyətində həyata keçirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönümlü dövlət siyasəti həyata keçirən Prezident İlham Əliyev daim öz müdrik qərarları, bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas edib, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin edib. Ölkədə son dövrlərdə həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar bunun bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.

Həmçinin bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə, eləcə də məhkəmə-hüquq sistemində həyata keçirilən institusional qanunvercilik, struktur və kadr islahatlarının Azərbaycan xalqı tərəfindən tam dəstəklənməsi, vətəndaşlarımızın rifah halının günü-gündən yaxşılaşması və xalq-iqtidar birliyinin sarsılmazlığından narahat olan bir sıra antimilli qruplar və onların qeyri-adekvat liderlərinin ölkəmizdə ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaqdır.

Xüsusilə qeyd edilib ki, ulu öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıran, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə alternativi olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti xalqımız tərəfindən Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı İlham Əliyev əmin edilib ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin sonunda ümummilli liderin əziz xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət: Heydər Əliyev və dövlət quruculuğu” filmi nümayiş etdirilib

Paylaş

 Xəbəriniz olsun