Baş Prokuror BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına məktub ünvanlayıb

  • Space TV
  • 3 Noyabr 2020 15:55

Baş Prokuror Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Spacetv.az-a verilən məlumata görə, K.Əliyev Ermənistan təcavüzü nəticəsində Azərbaycan ərazisində insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının kobud şəkildə pozulması, həmçinin, Bərdə rayonunun mülki əhali üçün istifadəsi beynəlxalq hüquqla qadağan edilmiş “claster” bombaları ilə atəşə tutulması nəticəsində xeyli sayda insanların həlak olması və yaralanması faktlarına 02.11.2020-ci il tarixli bəyanatında diqqət yetirdiyinə görə təşəkkürünü bildirib.

Bununla yanaşı, diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən yarım milyon əhalisi olan, münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan ərazisindən ballistik raket atəşinə məruz qalması nəticəsində altısı uşaq, 10-u qadın olmaqla 26 mülki şəxs həlak olub, 32-i uşaq, 57-si qadın olmaqla 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin, qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji obyektləri olan Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Oğuz-Qəbələ-Bakı su kəməri hədəfə alınmaqla müxtəlif tarixlərdə raket atəşlərinə məruz qalıb.

Eyni zamanda, bəyanatda qeyd edilən iki erməni hərbçisinin guya Azərbaycan hərbi qulluqçuları tərəfindən qeyri-insani rəftara məruz qalmaqla öldürülməsi barədə yayılmış videomateriallar əsasında Baş Prokurorluqda araşdırmanın aparılması və həmin videoların saxta olmasının müəyyən edilməsi barədə də məlumat verilib.

Göstərilən hadisələr bəyanatda yer almadığı üçün narahatlığını ifadə edən Baş Prokuror, gələcək bəyanat və hesabatlarda Gəncə şəhərində mülki əhalimizə qarşı törədilmiş cinayət faktlarının və digər zəruri məlumatların qeyd edilməsini xahiş etməklə bununla bağlı ətraflı materialları təqdim edib.

Paylaş

 Xəbəriniz olsun