Baş konsulluq ermənilərin faşistlərlə əməkdaşlığını ifşa etdi

  • SpaceTV
  • 21 May 2020 13:01

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Ermənistanda dövlət səviyyəsində faşistlərin qəhrəmanlaşdırılmasına dair qısa film hazırlayıb.

SPACE TV-ın xəbərinə görə, filmdə 1942-ci ildə nasist Almaniyası ordusunun tərkibində erməni generalları Qaregin Njde və Drastamat Kanayanın rəhbərlik etdiyi erməni legionunun yaradıldığı göstərilib.

Bu legionun Krım, Polşa, Qafqaz və Fransa cəbhələrində xidmət etdiyi, eləcə də yəhudilərin nasistlər tərəfindən əsir düşərgələrinə göndərilməsində iştirak etdiyi qeyd olunur.

Bundan başqa, bu gün nasistlərə xidmət etmiş həmin şəxslərin Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığı vurğulanır.

Bildirilir ki, 2016-cı ildə Yerevanda faşist cəlladı Q.Njdenin heykəli ucaldılıb, Ermənistan prezidenti və digər rəsmi şəxslər həmin açılışa qatılıblar.

Filmdə, həmçinin, Yerevanda meydan və metro stansiyasının Q.Njdenin şərəfinə adlandırıldığı və dövlət tərəfindən ona həsr olunmuş filmlərin də çəkildiyi deyilir.

Q.Njdenin faşizmdən və irqçi “Ari” ideologiyasından qaynaqlanan, “erməni ali irqi”nin təbliğini aparan Tseqakronizm adlı irqçi təlim yaratdığı qeyd olunur.

Filmdə Ermənistan Müdafiə Nazirliyinin nasistlərə xidmət etmiş D.Kanayanın adına Milli Strateji Araşdırmalar İnstitutu yaratdığı, eləcə də hərbi təlimdə fərqlənməyə görə Kanayan medalı təsis etdiyi vuğulanır.

Həm Q.Njdenin, həm də D.Kanayanın radikal Erməni İnqilabi Federasiyasının (Daşnaksütyun) liderlərindən olduğu bildirilir. Filmdə ABŞ-ın nüfuzlu Anti Defamasiya Liqasının araşdırmasına istinad edilərək, Ermənistanın antisemitizmin səviyyəsinə görə 58% göstərici ilə Avropada ikinci yeri tutduğu göstərilir.  ABŞ konqresmenləri Emanuel Seller və Frank Hukun 1945-ci ildə Konqresə təqdim etikləri, Q.Njdenin və D.Kanayanın nasistlərlə əməkdaşlıq etməsi, habelə erməni daşnaklarının Hitleri və Holokostu dəstəklədiklərini bildirən sənədlər filmdə nümayiş etdirilir. 

Həmçinin, filmdə radikal və irqçi daşnakların ABŞ-da hələ də aktiv olduqları, onların qanadı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) bu gün ABŞ Konqresində əsas erməni lobbisi təşkilatı kimi fəaliyyət göstərdiyi qeyd edilir, bəzi qatı ermənipərəst ABŞ senatorları və konqresmenlərinin ANCA ilə əlaqələrini göstərən video və fotolar təqdim olunur. 

Faşizm üzərində qələbənin 75 illiyinin qeyd olunduğu günlərdə sosial şəbəkələrdə geniş şəkildə yayılmış, yalnız “Facebook”da 240 minədək baxış toplamış film ABŞ-dakı erməni lobbisi tərəfindən etirazla qarşılanıb.

Paylaş

 Xəbəriniz olsun