Banklarla bağlı qanun dəyişir

  • SpaceTV
  • 18 Sentyabr 2020 13:27

Azərbaycanda banklarla bağlı böyük qanun paketi hazırlanır. Space TV xəbər verir ki, bununla bağlı parlamentdə dinləmələr də keçiriləcək. Kreditlərin faizlərinin azaldılması, əmanətlərin sığortalanması istiqamətində şəffaflığın təmin edilməsi ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər ediləcəyi gözlənilir.

Azərbaycanda bank faizləri azaldıla bilər. Söhbət həm istehlak, həm biznes kreditlərindən gedir. Milli Məclisin payız sessiyasında bu  məsələyə baxılacaq. Millət vəkili Vüqar Bayramov bildirib ki, yaxın zamanda bank sektorunun sağlamlaşdırılması, bankların rentabelliyinin artırılması istiqamətində bir sıra addımlar atılacaq.

Bank sektorunda aparılan monitorinqlər göstərir ki, hazırda kreditlərin əksər hissəsinin təminatı olmadığından onların geri qaytarılmasında çətinlik yaranır. Millət vəkili qeyd edir ki, kreditlərin təminat məsələsi ilə yanaşı, girovların təmin edilməsinin təkmilləşdirilməsinə də ehtiyac var. Vüqar Bayramovun sözlərinə görə, girovlarla bağlı edilən dəyişikliklər regionlarda yaşayan əhalinin də kreditlərə əlçatanlılığını asanlaşdıracaq.

Qeyd edək ki, banklarla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi bankların güzəşt imkanlarının da artmasında səbəb olacaq.

Paylaş

 Xəbəriniz olsun