Ballıqaya qətliamından 28 il ötür – VİDEO

  • Space TV
  • 28 Avqust 2020 11:34

1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı Ballıqaya qətliamı törədilib. Bu faciədə yaxınlarını itirən Sahib Mehtiyev hazırda Bərdədə  məcburi köçkün qəsəbəsində məskunlaşıb. 

Sahib Mehtiyev atası Mehtiyev Hümbət, anası Mehtiyeva Qənirə, qardaşı Mehtiyev Fikrət, qardaşı Mehtiyev Mehti, bacısı Mehtiyeva Ayna, qardaşının həyat yoldaşı Mehtiyeva Bəyimin 1992-ci ildə Goranboyda Balıqaya ərazisində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyini deyir.

Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilən Ballıqaya qətliamı nəticəsində 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub. 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Ailəsinin qətliamından danışan Sahib Mehtiyev deyir ki,  hadisə avqustun 27-dən 28-nə keçən gecə baş verib. Ermənilər orda yaşayan kimsəyə xilas olmağa aman verməyiblər.

Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib. Ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.  Sahib deyir, həmin gecə yalnız onun ailə üzvüləri yox, həm də yaxın qohumları erməni vəhşiliyinin qurbanı olub: “Yaxın qohumlarımdır. Əmimin ailə üzvüləridir. Xalamgilin ailə üzvüləridir. Bibimgilin ailə üzvüləridir. Atamgilin ailə üzvüləridir”.

Ailədən yalnız Sahib sağ qalıb. O da, xəstəxanada olduğu üçün.

Hadisə şahidlərinin sözlərinə görə sağ qalan çox az şahid var ki, onlar da qətliam vaxtı hadisə yerində olmayanlardır.

Ballıqaya qətliamında qətlə yetirilmiş şəxslərdən bəzilərinin məzarları Bərdənin Qaradəmirçi, Alpout, Tumaslı və Nazırlı kəndlərindədir. Qeyd edək ki, Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində saxlanılır.

Emin Babayev, Şamo Adıgözəlov, Space TV

Paylaş

 Xəbəriniz olsun