Balıq mövsümü başlayır

  • SpaceTV
  • 21 Avqust 2019 12:09

Sentyabr ayı yaxınlaşır. Bu isə o deməkdir ki, yay fəslində balıq yeməyə ehtiyat edənlərin mövsümü başlayır. Əslində mütəxəssilərin fikrincə balığın hansı ayda yeyilməsinin fərqi yoxdu, əsas olan odur ki, balıq təzə olsun.

Azərbaycan mətbəxində balığın rolu əvəzsizdir. Aparılan araşdırmalar onu göstərir ki, balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı kimi xəstəliklər az olur. Həmçinin balıq ətindən daha çox istifadə edən İslandiya, Yaponiya kimi ölkələrdə təbii ölüm faizi çox aşağıdır. Balığın ətində çoxlu miqdarda zülal, D vitamini fosfor və kalsium kimi lazimlı maddələr insan orqanizmi üçün çox faydalıdır.

 Space.TV –nin xüsusi müxbirinin araşdırmasına görə, Mütəxəsislərin fikrincə hər bir insan ildə orta hesabla 15-20 kq balıq yeməlidir.

 Belə bir deyimdə var ki, hansı ayda “r” hərfi yoxdursa o ayda balıq yemək məsləhət deyil. Amma əgər balıq yemək könlündən keçikrsə, balıq alarkən bəzi faktlara da diqqət yetirməliyik?

Yayda bazarlarda balıq satışı çox az olur. Lakin xüsusi balıq bazarlarında, çox diqqətlə saxlanılan balıqları tapmaq mümkündür. Balıq mütəxəssisləri deyir ki, istənilən yerdən balıq alarkən diqqətli olmaq lazımdır. Açıq havada satılan balıqları qətiyyən almaq olmaz. Satış yerləri daimi olaraq baytar həkimlərin nəzarətində olmalıdır. Balıqlar yalnız buzun içərisində, sərin şəraitdə saxlanılmalıdır.

Amma balıq çox dondurulmuş vəziyyətdə saxlanıldıqda da keyfiyyətini itirir. Uzaq məsafədən gətirilən balıqları alarkən də diqqətli olmaq lazımdır.
Mütəxəssislər bu mövsümdə daha çox diri balıqların alınmasını məsləhət görür.

 Satılan balıq növləri arasında kütüm, belamor , sazan və  xanıbalığı da var.

Belə nəticəyə gəlmək olar ki, hansı ayda balıq yeməyin fərqi yoxdu.  Əsas odur ki, balıq köhnə olmasın. Əks halda zəhərlənmə də qaçılmazdır.

Təbii ki, bunun əksini düşünən və hər mövsümün öz balığı var deyən balıqçılar da az deyil. Lakin onların mübahisəsiz razılığa gəldiyi bir məqam var. Mövsüm və hava şəraitindən asılı olmayaraq, balığın ən ləzzətlisi və dadlısı, ovlandıqdan sonra, elə bir başa çayın sahilində qızardılaraq yeyilənidir.

Lalə Ülviqızı – Space

Paylaş

 Xəbəriniz olsun