Bakıda tikinti üçün qurudulan gölün ətrafı əvvəlki vəziyyətə gətirildi

  • Space TV
  • 28 İyul 2020 14:09

Paytaxtın Yasamal rayonunda “Üç Tac” yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafının məişət tullantıları ilə zibillənməsi, hamarlanması və əraziyə xüsusi texnikanın cəlb edilməsi ilə bağlı sakinlər tərəfindən müxtəlif qurumlara, o cümlədən, Prezident İlham Əliyevə müraciətlər ünvanlanmışdı. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətə  baxıldıqdan dərhal sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb.

Həmçinin, Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri tərəfindən təcili tədbirlər görülərək ərazidə ətraflı baxış keçirilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, sakinlərin müraciəti əsasında ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı mülkiyyətçiyə verilən tapşırığın icrası zamanı torpaq və gölün ətrafındakı mövcud balans pozulub və əraziyə ziyan dəyib.

Bununla əlaqədar icra strukturları tərəfindən təcili təxirəsalınmaz işlər həyata keçirilib. Mülkiyyətçiyə ərazini öz vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi tapşırılıb və ona ciddi xəbərdarlıq edilib.

Hazırda “Üç Tac” yaşayış kompleksinin yaxınlığındakı gölün ətrafındakı ərazinin təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlər aparılır. Görülən işlər nəzarətə götürülüb və qısa müddətdə başa çatacaq.

Paylaş

 Xəbəriniz olsun