Bakıda ögey ananın azyaşlılara işgəncə verməsi ilə bağlı cinayət işi başlandı

  • SpaceTV
  • 10 Dekabr 2019 12:48

Azərbaycanda iki azyaşlı uşağın valideynləri tərəfindən işgəncələrə məruz qalması ilə bağlı cinayət işi başlanıb.

SPACE TV-in məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz “Facebook” səhifəsində məlumat verib.

Qeyd edilib ki, paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar – Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları xüsusatlarının istintaq yolu ilə araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədilə istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun