Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı – FOTO/VİDEO

  • Space TV
  • 1 Mart 2021 13:50

Bakının Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən külli miqdarda heroin və silah aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb. 

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş vətəndaş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub. Onun üzərindən ümumilikdə dörd qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi aşkar edilib. 

Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Mahmudovun yaşadığı evdə satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi bir kiloqram 100 qram olan heroin və bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun