Bakıda keçiriləcək Avro-2020-nin topunun adı açıqlandı

  • SpaceTV
  • 7 Noyabr 2019 13:04

UEFA Avro-2020 üçün rəsmi oyun topunun adı açıqlanıb. 

SPACE TV  xəbər verir ki, yüksək səviyyəli milli komanda yarışının topu ingiliscə “birlik” (unity) və “eyforiya” (euphoria) sözlərinin birləşməsi ilə “Uniforia” adlandırılıb.

UEFA Avropa Çempionatının 60 illiyini qeyd etmək məqsədilə gələn yay keçiriləcək Avro-2020 final mərhələsinin matçları Avropanın 12 müxtəlif ölkəsində oynanılacaq və turnirin məhz bu yeni formatı rəsmi oyun topunun tərtibatı üçün ilham mənbəyi olub.

“Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin, sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu elementlər ötən il start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri olub.

“Rəsmi matç topunun tərtibatı zamanı biz həmişə mədəniyyəti əks etdirməyə çalışırıq. Yəni stadionda qürurla nümayiş etdirə biləcəyimiz küçənin ruhunu”, – deyə “Adidas”ın məhsul dizayneri Anika Mari Keno bildirib.

“Hazırda bizim bütün şəhərlərimizdə gördüyümüz əsas xüsusiyyət bir yerə toplaşmaq və dəyişiklik üçün birləşmək ehtiyacının mövcud olmasıdır. Dünyada əsas idman tədbirlərindən biri olaraq UEFA Avro-2020 bu cür birliyin gücünü qürurla nümayiş etdirmək, eləcə də, insanları, ideyaları və yaradıcılıqları birləşdirən bir qüvvə olaraq idmanı bayrama çevirmək üçün böyük bir imkandır”, – o əlavə edib.

Turnirin yeni transkontinental formatının əksi olan “Uniforia”nın tərtibatı topun üstündən qalın, qara fırça ilə çəkilmiş hüdudların qarışmasını və sərhədlərin kəsişməsini göstərən xətlərdən ibarətdir. Turnirin müxtəlifliyini və fərqli mədəniyyətlərin bir araya gəlməsini göstərmək məqsədilə bu geniş ştrixlər parlaq və açıq rəngli qısa xətlərlə kəsişir.

Paylaş

 Xəbəriniz olsun