Bakıda daha bir ekspres xətt istifadəyə verilir

  • Space TV
  • 19 Avqust 2020 10:00

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan beş sayda əlavə ekspres xətlərdən daha biri, M9 ekspres xətti sabahdan fəaliyyətə başlayır.

Spacetv.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Bildirilib ki, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspres xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik avtobuslar sərnişinlərin xidmətində olacaq. 

M9 xəttinin istifadəyə verilməsi ilə “Sea Breeze” istirahət mərkəzi, Bilgəh, Buzovna, Şağan, Binə qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik təxminən 13-14 min sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

Qeyd edək ki, M9 ekspres xətti üzrə avtobusların hərəkət sxemi “Sea Breeze” istirahət mərkəzi – “Nəriman Nərimanov” metro stansiyası istiqaməti müəyyən edilib.

Paylaş

 Xəbəriniz olsun