Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı

  • SpaceTV
  • 15 Oktyabr 2019 14:23

Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən UDT-TEXNIKA MMC şirkətinə məxsus içində külli miqdarda pul olan seyf oğurlanıb.

Bu barədə SPACE TV-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Oğurluğun oktyabrın 13-də, saat 05:00-08:00 aralığında törədildiyi iddia edilir. Bu barədə polisə şirkətin sahibi, 1980-ci il təvəllüdlü Elsevən Quliyev məlumat verib. Zərərçəkən ifadəsində naməlum şəxslərin ofisə pəncərədən girdiklərini, içində mindən çox manat və təxminən 25 min dollar olan 50×30 santimetr ölçüsündəki seyfi oğurladıqlarını bildirib.

Oğurluq barədə araşdırma Yasamal RPİ-nin istintaq şöbəsinin əməkdaşları tərəfindən aparılır.

Şübhəlilərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Lakin şirkət işçilərindən də kiminsə oğurluqda iştirak edə biləcəyi istisna edilmir.

Qeyd edək ki, UDT-TEXNIKA MMC şirkəti 2008-ci ildən bəri Cummins məhsullarının rəsmi dileridir. Onlar “Cummins” mühərrikləri, generatorları, “Fleetguard” filtrləri və bu kimi məhsulların satış xidmətini həyata keçirirlər.

Paylaş

 Xəbəriniz olsun