Bakıda arvadını bıçaqladı, özü intihara cəhd etdi

  • SpaceTV
  • 22 Oktyabr 2019 12:48

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Natiq Dədəcanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

SPACE TV  xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin edilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının peşəkarlığı və ictimai asayişin keşiyində ayıq-sayıq dayanması insan ölümü ilə nəticələnə biləcək faciənin qarşısını vaxtında ala bilib.

Belə ki, bu il aprelin 24-də Bakı Dəniz Vağzalında bir nəfər naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan su polislərinin diqqətini cəlb edib. Həmin şəxs intihar etmək məqsədi özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı su polisləri tərəfindən alınıb.

İntihara cəhd edən şəxslə su polisləri profilaktiki söhbətlər apararaq onu bu fikrindən daşındıra biliblər.

İdarəyə gətiriləndən sonra həyatına qəsd etmək istəyən şəxsin 1982-ci il təvəllüdlü Xəzər rayonu ərazisində yaşayan Dədəcanov Natiq İlham oğlu olduğu müəyyən edilib. N.Dədəcanovla Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının apardığı profilaktik söhbət zamanı o, törətdiyi ağır cinayət hadisəni də etiraf edib. 

Məlum olub ki, həmin şəxs hadisədən bir neçə gün əvvəl Xəzər rayonu Binə qəsəbəsində birlikdə yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Vüsalə Dədəcanova ilə mübahisə edib. 

Bir neçə dəfə həyat yoldaşı ilə barışmağa cəhd göstərsə də, buna nail ola bilməyib. Bakı Dəniz Vağzalı ərazisinə gəlməmişdən əvvəl isə o, Mərdəkan qəsəbəsində üzərində gəzdirdiyi bıçaqla həyat yoldaşına xəsarət yetirib.

Arvadını qətlə yetirdiyini zənn edən N.Dədəcanov intihar etmək məqsədilə dəniz kənarına gəlib. Su polisləri söhbət zamanı həmin şəxsin diqqətinə həyat yoldaşının xəsarət aldığını, amma dünyasını dəyişmədiyini bildiriblər. N.Dədəcanov həyatını xilas etdiklərini və onu intihar etmək fikrindən daşındırdıqları üçün su polislərinə təşəkkürünü bildirib.

Paylaş

 Xəbəriniz olsun