Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilib

  • SpaceTV
  • 7 Avqust 2019 10:48

SPACE.TV-nin Azərtaca istinadən verdiyi məlumata görə, Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (“IOI 2019”) açılış mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Ölkəmizin beynəlxalq olimpiada uğurlarından söz açan Təhsil naziri “IOI 2019″un Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Təhsil naziri Ceyhun Bayramov tədbirin Azərbaycanda keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib və 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına uğurlar arzulayıb.

ADA Universitetinin rektoru, səfir, “IOI 2019″un fəxri sədri Hafiz Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.

“Bu gün auditoriyada əyləşənlər növbəti 10-15 ildə texnoloji inkişafın meyillərini və gündəmini formalaşdıracaqlar. Buna görə də bizim bu tədbirə ev sahibliyi etməyimiz Azərbaycanın həm təhsil, həm də İT sektoruna dərin marağı, qayğısı və dəstəyini nümayiş etdirir”, – deyə rektor Hafiz Paşayev bildirib.

Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-dək davam edəcək.

Paylaş

 Xəbəriniz olsun